Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xəzər rayon idarəsinin rəisi Ramin Şükürov və onunla birgə daha bir neçə vəzifəli şəxs ittihamlarla üzləşib.
Bu barədə bu gün, martın 5-də Baş Prokurorluq ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin birgə məlumatında bildirilir.
Onlara "iş üzrə toplanmış ilkin sübutlar əsasında" Azərbaycan Cinayət Məcəlləsinin 311.3.1 və 311.3.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda rüşvət alma) maddələri ilə ittiham elan edilib. "İstintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə Ramin Şükürov barəsində... ev dustaqlığı qətimkan tədbirləri seçilib".
Hələlik, bu məlumata adıçəkilən şəxslər və onların vəkillərindən münasibət almaq mümkün olmayıb.
Həmin maddələrlə şəxsə 12 ilə qədər həbs cəzası verilə bilər.
Son illər Xidmətin bir sıra rayon şöbələrinin vəzifəli şəxsləri də eyni ittihamlarla üzləşiblər. Elə iki il əvvəl bu xidmətdən saxlananlar arasında Xəzər rayonun da vəzifəli zabitləri olmuşdu.