Hərbi xidmətdən yayınma üzrə 20 cinayət işi açılıb

Çağırışçıların tibbi müayinəsi

Hərbi xidmətdən yayınma faktları ilə bağlı 20 cinayət işi başlanıb. Bu barədə Baş Prokurorluq ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇX) birgə məlumatında deyilir.

Məlumata görə, həmin 20 işlərdən altısı baxılması üçün məhkəmələrə göndərilib, digərləri üzrə isə ibtidai istintaq davam etdirilir.

Səfərbərlik xidmətində dəyişikliklər

Bu ildən müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların yararlı, yaxud yararsız olması barədə qərar verilməsi qaydası dəyişir. 2024-cü il iyulun 1-dən həqiqi hərbi xidmətə çağırılan vətəndaşların yekun tibbi müayinəsini Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirəcək. İndiyədək bu məsələ SHXÇX nəzdində tibbi komissiyaların səlahiyyətindədir.

Ötən il sözügedən xidmətin bir neçə vəzifəlisi saxlanılıb. Onlar pul qarşılığında ayrı-ayrı çağırışçıları həqiqi hərbi xidmətə yararsız hesab edilmələrinə köməklik göstərməkdə ittiham olunurlar. Özlərinin ittihamlara münasibətləri bəlli olmasa da, səfərbərlik xidmətində korrupsiya iddiaları ölkədə geniş yayılıb.