Daxili İşlər Nazirliyinin (DİN) İnzibati Həbs Olunanların Saxlanma Məntəqəsində dörd gün öncə aclığa başladığını açıqlayan gənc fəal Qiyas İbrahimovun bu gün, iyunun 26-da bu aksiyanı dayandırdığı bildirilir.
Bu barədə onunla görüşən anası Şura Əmiraslanova məlumat verib. Onun sözlərinə görə, fəal aclığı səhhətinin kəskin pisləşməsi ilə bağlı dayandırıb, hazırda su və qida qəbul edir.
Yaxınlarının deməsinə görə, iyunun 25-də Q.İbrahimov apellyasiya şikayəti ilə bağlı məhkəməyə gətirilərkən huşunu itirmişdi. Onun həbsindən verdiyi apellyasiya şikayəti qəbul edilməyib.
Bütün bu deyilənlərlə bağlı DİN-dən münasibət öyrənmək mümkün olmayıb.
Buna da bax: Reportyor möhləti olsa da, hərbi komissarlığa çağırılıbHəbs müddəti artırılıb
Barəsində 30 günlük həbs qərarı verilən ictimai fəal Qiyas İbrahimovun cəzası daha iki gün artırılıb.
Bu dəfə Q.İbrahimov İnzibati Xətalar Məcəlləsinin 388-1.1 (internet resursuna qadağan olunmuş məlumatların yerləşdirilməsi) maddəsi ilə məhkəmə qarşısına çıxarılıb. Məhkəmə onu bu maddə ilə də təqsirli bilib və əvvəlki cəzasını da birləşdirməklə üzərində 32 gün həbs saxlayıb.
'Qiyas İbrahimov aclığa başlayıb'
İyunun 22-də inzibati qaydada 30 sutka müddətinə həbs olunan gənc fəal Qiyas İbrahimovun aclıq aksiyasına başladığı bildirilir.
Fəalın anası Şura Əmiraslanova deyib ki, Q.İbrahimov bu barədə özü bu gün, iyunun 23-də zəng vuraraq məlumat verib.
Ş.Əmiraslanova vurğulayıb ki, oğlu Gədəbəy rayonunun Söyüdlü kəndində polis zorakılığına, qanunsuz həbsinə və İnzibati Həbs Olunanların Saxlanma Məntəqəsində üzləşdiyi qeyri-insani rəftara etiraz olaraq müddətsiz aclıq aksiyasına başladığını bəyan edib.
Bu deyilənlərə, hələlik, Daxili İşlər Nazirliyindən (DİN) münasibət öyrənmək mümkün olmayıb.
İyunun 20-də və 21-də Gədəbəy rayonunun Söyüdlü kəndində etiraz aksiyası keçirilib. Kənd sakinləri deyir ki, ərazidə qızıl mədəninin fəaliyyəti nəticəsində zərərli su hövzəsi ekoloji problemlər yaradıb. Polis aksiyaya müdaxilə edib, bu zaman gözyaşardıcı qazdan istifadə olunub, saxlananlar var. Saxlananlardan beş nəfərinə inzibati həbs cəzası verilib. DİN isə aksiya iştirakçılarının polisə daş atdıqlarını açıqlayıb.
Buna da bax: NİDA-çı gəncə 20 sutka verilibKeçmiş 'Heykəl məhbusu'na 30 sutka verilib
Q.İbrahimov İnzibati Xətalar Məcəlləsinin 388-1.1-ci (...internet informasiya ehtiyatında yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi,…) və 535-ci (polis işçisinin qanuni tələbinə qəsdən tabe olmama) maddələri ilə ittiham olunub.
Fəalın anası Ş.Əmiraslanova AzadlıqRadiosuna demişdi ki, iyunun 22-də günorta saatlarında evlərinə mülki geyimli şəxslər gəlib: "Onlar Qiyasdan yazdığı statusu silməyi tələb edib. O isə silməyəcəyini və onlara telefonu verməyəcəyini deyib. Ondan sonra Qiyası apardılar".
Daha sonra isə ona məhkəmənin qərarı ilə 30 sutka həbs cəzası verildiyi açıqlanıb.
Q.İbrahimov keçmiş "Heykəl məhbusu" kimi tanınır. O, digər gənc fəal Bayram Məmmədovla birgə 2016-cı ildə narkotikdə ittiham edilərək 10 il həbs cəzası almışdı. Gənclər rəsmi ittihami qəbul etmirdilər. Onların keçmiş prezident, indiki dövlət başçısı İlham Əliyevin atası Heydər Əliyevin abidəsi üzərinə "Qul bayramınız mübarək!" şüarı yazılmasına görə həbs olunduqları bildirilirdi.
Fəallar 2019-cu ilin martında Prezident İ.Əliyevin imzaladığı əfv sərəncamı ilə azadlığa çıxıblar.
İki il əvvəl B.Məmmədovun Türkiyədə dənizdə boğulduğu açıqlanıb. Yaxınları bu ölümü şübhəli saysalar da, Türkiyə polisi onların şübhələrinə əsas görməyib.