Hikmət Hacızadə vəfat edib

H.Hacızadə

Azərbaycan milli azadlıq hərəkatının ideoloqlarından sayılan, bu ölkənin Rusiyadakı keçmiş səfiri Hikmət Hacızadə noyabrın 20-də vəfat edib.

Bu barədə H.Hacızadənin oğlu Adnan Hacızadə məlumat verib. Onun sözlərinə görə, H.Hacızadə noyabrın 11-də insult keçirib: "Atam Yasamal qəbiristanlığında torpağa tapşırılacaq. Koronavirus pandemiyası ilə əlaqədar olaraq heç bir yas mərasimləri nəzərdə tutulmayıb".

Hikmət Hacızadə kimdir

Hikmət Hacızadə 1954-cü ildə Bakıda anadan olub. 1977-ci ildə Azərbaycan Dövlət Universitetinin (ADU) Fizika fakültəsini bitirib. 1983-cü ildə Moskvada fizika-riyaziyyat elmləri namizədi adını almaq üçün dissertasiya müdafiə edib.

Azərbaycan Elmlər Akademiyasının Fizika İnstitutunda böyük elmi işçi vəzifəsində işləyib. 1988-ci ildə başlayan Azərbaycan istiqlal hərəkatında fəal iştirak edib, Azərbaycan Xalq Cəbhəsinin (AXC) yaradıcılarından biri, ilk İdarə Heyətinin üzvü olub.

O, hərəkatın ideoloqlarından sayılıb. AXC-nin "Svoboda" qəzetinin redaktoru olub, "Azadlıq" qəzetində məsləhətçi işləyib. Xalq Cəbhəsinin hakimiyyəti dövründə Azərbaycanın Rusiyada səlahiyyətli nümayəndəsi olub.

1993-cü ildən Müsavat Partiyasının üzvü olub və onun Divanına seçilib. O, demokratiya və insan haqları barəsində biliklərin yayılması ilə məşğul olan İqtisadi və Siyasi Araşdırmalar Mərkəzinin (FAR-Centre) qurucusu və vitse-prezidenti idi. Xalq Cəbhəsi, Müsavat Partiyası nizamnamə və məramnamələrinin tərtibçilərindən biri, keçid dövrünün problemləri, insan haqları tarixi, nəzəriyyəsi üzrə çoxsaylı yazıların müəllifidir.

Dostları, bir qayda olaraq, ona "demokrat" deyə xitab ediblər.