"Talış Milli Akademiyası xəbərləri" jurnalının baş redaktoru İqbal Əbilovun vəkilləri onun haqqında bəraət hökmü çıxarılmasını istəyirlər. Onlar mayın 12-də məhkəmədəki müdafiə çıxışında bildiriblər ki, bir neçə ay sürən məhkəmə prosesində İ.Əbilova qarşı irəli sürülmüş ittihamların heç biri sübut olunmayıb.
Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət), 281-ci (dövlət əleyhinə açıq çağırışlar) və 283-cü (milli, irqi, dini düşmənçiliyin salınması) maddələriylə suçlanan İ.Əbilovun işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılır. O bu məhkəməyə saxlandığı Bakı İstintaq Təcridxanasından məsafədən - onlayn şəkildə qoşulur. Məhkəmə qapalı keçirilir. Buna əsas kimi işin içində dövlət sirri sayılan bilgilərin olması göstərilib.
10 gün öncə məhkəmədə prokuror ittihamların məhkəmədə təsdiqini tapdığını bildirərək İ.Əbilova 19 il həbs cəzası verilməsini istəmişdi.
Vəkillərsə, əksinə, deyirlər ki, müvəkkillərinə qarşı belə ağır ittihamlar irəli sürülsə də, ortaya heç bir mötəbər sübut qoyulmayıb.
Vəkillərin müdafiə nitqinin ardından İ.Əbilovun özünə son söz demək təklif edilib. O, hazırlaşmaqdan ötrü vaxt istəyib. İ.Əbilov son sözünü mayın 15-də deyəcək, ardınca da məhkəmənin hökmü açıqlanacaq.
Tarixçi alim Ermənistan xüsusi xidmət orqanlarıyla əməkdaşlıqda, onların tapşırığıyla Azərbaycanda etnik zəmində nifrət və düşmənçiliyin salınmasına yönəlik hərəkətlərdə, şəbəkə hesabında məqsədli materiallar paylaşmaqda suçlanır.
İ.Əbilov özünü təqsirli bilmir, verilən ittihamların heç birini qəbul etmədiyini deyir.
Yaxınlarının AzadlıqRadiosuna bildirdiyinə görə, təqsirləndirilən alim dövlətə xəyanət - Ermənistanın xeyrinə casusluq ittihamının yalan olduğunu vurğulayıb. Etnik zəmində nifrət yaratmağa gəlincə, o vurğulayıb ki, talış dili və mədəniyyəti üzrə tədqiqatçıdır, onu milli zəmində düşmənçilik salmaqda suçlamaq absurddur.
İ.Əbilov uşaq yaşlarından həbs olunanadək ailə üzvləriylə birlikdə daim Belarusda yaşayıb. O, arabir Azərbaycana gəlib-gedib. Qohumlarının sözlərinə görə, sonuncu dəfə ötən ilin iyulunda əmisi oğlunun toy məclisinə gəlibmiş. O, geri qayıdarkən hava limanında saxlanılıb, ölkədən çıxışına qadağa qoyulduğu deyilib. Bir neçə gün sonra isə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları onu həbs ediblər.
Xatırlatma
İ.Əbilov virtual "Talış Milli Akademiyası"nın mətbu orqanı olan "Talış Milli Akademiyasının xəbərləri"nin baş redaktorudur. Saytda talış folklor nümunələri, talışlarla bağlı nəşr olunmamış tarixi sənədlər, tədqiqatlar dərc edilib.
İ.Əbilov 2012-ci ildə Belarus Dövlət Universitetinin beynəlxalq münasibətlər ixtisası üzrə bakalavriatını, 2013-cü ildə isə magistraturasını bitirib. 2016-cı ildə həmin universitetin aspiranturasına daxil olub.