Hindistanda saxta alkoqoldan ölənlərin sayı 107 nəfərə çatıb

Hindistanda saxta alkoqoldan zəhərlənənlər

Hindistanın Assam ştatında saxta alkoqoldan zəhərlənərək ölənlərin sayı 107 nəfərə çatıb.

Bu barədə “The Quint” nəşri fevralın 23-də yerli polisə istinadla xəbər verir.

Bundan başqa onlarla adam xəstəxanaya düşüb.

Zəhərlənənlərin hamısı çay plantasiyasının işçiləridir. Onlar əldədüzəltmə likordan zəhərləniblər.

Bu ştat ölkənin şərqində yerləşir.

BBC-nin məlumatına görə, bundan iki həftə əvvəl ölkənin şimal ştatlarında da saxta alkoqoldan 100-ə yaxın adam ölüb.

Assam ştatında baş verən insidentlə bağlı cinayət işi açılıb, iki nəfərin saxlandığı bildirilir.

“İndo-Asian News Service” agentliyinin məlumatına görə, yerli sakinlər qanunsuz alkoqol alverçiləri ilə polisin əlbir olmalarından gileylənirmişlər.