'Bu məsələdə hökumət sinifdə qaldı'

Nazirlər Kabinetinin 2022-ci ildə fəaliyyəti haqqında hesabatın təqdimatı. 17 mart 2023

Martın 17-də Milli Məclisdə hökumətin 2022-ci il üzrə hesabatı dinlənilib. Baş nazir Əli Əsədov deyib ki, Azərbaycanın ticarət tərəfdaşları olan ölkələrdə orta illik inflyasiya 20.4 faiz olub və bu proses ölkə daxilində də qiymətlərin ümumi səviyyəsinin artmasına təsir göstərib.

Buna da bax: Baş nazir və müxalifət lideri inflyasiyanı necə hesablayır?

Baş nazir vurğulayıb ki, ötən il Azərbaycanda inflyasiya 13.9 faiz təşkil edib: "Xüsusilə ərzaq qiymətləri idxal vasitəsilə daxili ərzaq inflyasiyasına ciddi təsir göstərib. İdxal olunan məhsulların illik qiymət indeksinin artımı 22 faizdən çox olub. Azərbaycandakı inflyasiya, əsasən, idxal edilib".

Əsədovun sözlərinə görə, ötən il qlobal geosiyasi gərginlik və Rusiya-Ukrayna müharibəsi səbəbindən dünya iqtisadiyyatında baş verən dəyişikliklərə baxmayaraq, Azərbaycanda iqtisadi artım davam edib: "2022-ci ildə ölkədə 133.8 milyard manatlıq (4.6 faiz çox) ümumi daxili məhsul (ÜDM) istehsal olunub, hazırda valyuta ehtiyatlarımız 62.5 milyard ABŞ dollarıdır".

E.Mirbəşiroğlu

"Qənaətbəxşdir"

Hökumətin hesabatı parlamentdə hər il dinlənilir. Müxalifət, bir qayda olaraq, bu prosesi formal sayır. Milli Məclisin hakim Yeni Azərbaycan Partiyasından (YAP) olan deputatı Elşad Mirbəşiroğlu isə "Turan"a bildirib ki, dinləmələrin formal xarakter daşıması ilə bağlı fikirlər əsassızdır. Onun qənaətincə, nəticələrdən çıxış etmək lazımdır: "Azərbaycan Respublikasının 2022-2026-cı illər üçün sosial-iqtisadi inkişaf Strategiyası təsdiq edilib. Bu strategiya çərçivəsində bir çox istiqamətlərlə yanaşı, prioritet istiqamət kimi işğaldan azad olunmuş ərazilərimizdə tikinti-quruculuq işlərinin keçirilməsi də nəzərdə tutulub. Ümumiyyətlə, strategiyanın reallaşdırılması üçün dövlət büdcəsindən 5 milyard manatdan çox vəsait nəzərdə tutulub ki, onun da 60 faizə qədəri işğaldan azad olunmuş ərazilərimizə yönəldilib".

Buna da bax: İşğaldan qurtarılan rayonlarda nə qədər iş yeri açılıb?

Mirbəşiroğlunun vurğulamasına görə, belə olan halda, təbii ki, hökumətin fəaliyyətini qənaətbəxş hesab edir: "Təbii ki, görülən işlərə də hər zaman qiymət verilir, amma haradasa daha yaxşı gözləntilərin qaldığı sahələr da var. Bunsuz mümkün deyil. İş olan yerdə həmişə nöqsanlar da olur. Amma bütövlükdə hökumətin fəaliyyəti qənaətbəxşdir".

"Hesabatdan başqa hər şey soruşurlar"

İqtisadçı, ReAL Partiyasının təmsilçisi Natiq Cəfərli isə AzadlıqRadiosuna bildirib ki, bir sıra ölkələrdə hökumətin hesabatı ilə bağlı parlament dinləmələri bəzən həftələrlə, aylarla davam edir: "Azərbaycanda bir gün ərzində bu hesabatın dinlənilməsi, bəzən sualların verilməsi ilə proses yekunlaşır. Bizdə bu proses formaldır. Hökumət hesabatını verir, deputatlar isə sual verərkən hesabatdan başqa hər şey soruşurlar: kimsə öz dairəsində qəbiristanlığın divarlarının uçduğunu söyləyir, kimsə öz dairəsində suyun çəkilməsini istəyir. Bu, hökumətin hesabatına aid məsələ deyil".

N.Cəfərli

Onun sözlərinə görə, dünya təcrübəsində hökumətlərin fəaliyyətinə qiymət verərkən bir neçə indikatorlar önə çıxır: "Onlardan ən vaciblərindən biri inflyasiyadır. Azərbaycanda inflyasiya və qiymət artımının sürəti hökumətin özünün belə etiraf etdiyi qədər yüksəkdir. Deməli, bu məsələdə hökumət sinifdə qaldı, çünki inflyasiya ilə mübarizənin aparılmasında biz ciddi addımları görmədik. Hökumətin əlində müəyyən alətlər var. Məsələn, ərzaq məhsullarının, dərmanların əlavə dəyər vergisini azalda bilərdi, bu da qiymətlərin tənzimlənməsinə səbəb olardı".

Buna da bax: Gediş haqqının artmasına dair hökumətin arqumentləri nə dərəcədə keçərlidir?

"Bizdə bəzi nazirliklər Nazirlər Kabinetindən güclüdür"

Cəfərlinin fikrincə, Azərbaycanda çox qarışıq sistem formalaşıb, hökumətin səlahiyyətinin harada başladığı və harada bitdiyi bilinmir: "Azərbaycan prezident respublikası olduğu üçün Nazirlər Kabineti bir atavizmdir. Bizdə prezident Nazirlər Kabinetinin aylıq, rüblük və illik iclaslarını keçirir. Özü tapşırıq verir və hesabatını dinləyir. Amma hökumətin fəaliyyəti də, onun hesabatı da həddindən artıq formaldır, çünki ondan asılı olan heç nə yoxdur. Bizdə bəzi nazirliklər və nazirlər Nazirlər Kabinetindən daha güclüdür və səlahiyyətlidir".