Kütləvi etirazlar hakimiyyəti geri çəkilməyə məcbur etdi

Hong Kong da kütləvi etiraz nümayişi

Honq Konq hakimiyyəti ölkədə kütləvi etirazlara səbəb olan qanunun qəbulunu dayandırıb.

Həmin qanun layihəsində şübhəli şəxslərin Çinə ekstradasiya edilməsi nəzərdə tutulurdu.

Pekin hökumətinə tabe olan yerli administrasiyanın rəhbəri Kerri Lam iyunun 15-də bildirib ki, idarə bu problemlə bağlı müxtəlif fikirləri dinləmək üçün ictimaiyyətin bütün təbəqələri ilə məsləhətləşmələr aparacaq.

Amma o qeyd edib ki, hakimiyyət qanun layihəsinin qəbulundan hələ ki, tam imtina etməyib, amma rəsmi müzakirələrin nə qədər davam edəcəyinə də aydınlıq gətirməyib.

Çinin xüsusi administrativ rayonu olan Honq Konqun bir sıra məsələlərdə muxtariyyəti var.

Hazırda Honq Konqdan Çinə ekstradasiya, onun 1997-ci ildə Çinin yuridiksiyasına keçməsindən əvvəl imzalanmış qanunla tənzimlənir.

Tənqidçilər hesab edirlər ki, yeni qanun dissidentlərin, qanunsuz təqib olunan şəxslərin Çinə verilməsinə yol aça bilər.

Qanun layihəsinin tərəfdarları isə deyirlər ki, burda yeganə məqsəd cinayətkarlıqla mübarizə aparmaqdır.

Müşahidəçilər son günlər Honq Konqda keçirilən kütləvi etirazların, 1997-ci ildən bu yana ən böyük nümayiş olduğunu deyirlər.

Son etiraz aksiyaları, polislə nümayişçilər arasında toqquşmalarla müşahidə olunub.

İyunun 15-də yeni nümayiş gözlənir. Aksiyaçılar qanun layihəsinin tamamilə ləğvinə nail olmağa çalışırlar.