Ridli Skottun yeni cinayət dramı "House of Gucci" artıq iki həftədir ki, ABŞ-da ekranlara çıxıb. Film istər tənqidçiləri, istərsə də auditoriyanı iki hissəyə bölüb. Ancaq bir qrupun bu filmi heç bəyənməməsi dəqiqdir. Söhbət Quççi ailəsinin özündən gedir. Ailə ötən həftənin əvvəli açıqlama verərək Quççi ailəsinin filmdəki təsvirini "təhqir" və "dəqiqlikdən uzaq" adlandırıb.
"Yumşaq tonlu" Recani
Ailənin patriarxı, 1953 – 1986-cı illər arasında şirkətə rəhbərlik etmiş Aldo Quççinin obrazını filmdə Al Paçino canlandırır. Ailə üzvləri ANSA agentliyinə deyiblər ki, film Aldo Quççi və ailəsini ətraf dünyaya qarşı laqeyd və hissiyyatsız canilər kimi qələmə verib, baş qəhrəmanlara heç vaxt onlara aid olmayan hadisə, ton və yanaşma şamil edib.
"Variety" saytı bəyanatın ingilis dilinə tərcüməsini dərc edib. Mətndə deyilir ki, ailə üzvləri "House of Gucci" filmi ilə bağlı məyus olduqlarını və filmin yaradıcı heyətinin onlarla məsləhətləşmədiyini xüsusi vurğulayıblar.
Onlar Ledi Qaqanın canlandırdığı Patritsiya Recani personajına bu qədər yumşaq ton geydirilməsini də tənqid ediblər. Recani əri Mauritsio Quççini öldürməkdə ittiham olunaraq 16 il həbsdə yatıb.
Buna da bax: 'Oskar'ın xarici film nominasiyasına namizədlər"Dəhşətli, eybəcər"...
"House of Gucci" Patritsiya Recaninin əri, Aldo Quççinin qardaşı oğlu Mauritsio Quççini öldürməyi planlaşdırması haqda dramatikləşdirilmiş hekayədir. Mauritsio Quççi rolunu Adam Drayver canlandırır. Film Sara Qey Fordenin yazdığı "Quççi evi: Qətl, ağılsızlıq, cazibə və tamahkarlığın sensasiyalı tarixçəsi" adlı kitabın əsasında çəkilib. Film hələ çəkilməkdə ikən Quççi ailəsi onu tənqid edir, "dəhşətli" və "eybəcər" adlandırırdı.
Patritsiya Recani də filmin əleyhinə danışıb. O, ANSA agentliyinə müsahibəsində Ledi Qaqanın ekranda onu canlandırmazdan əvvəl onunla görüşməməsindən qəzəbləndiyini deyib. "Bunun pulla əlaqəsi yoxdur, çünki mən bu filmdən bir sent də götürməyəcəyəm. Bu, elementar məntiq və hörmətlə bağlı bir şeydir", – Recani deyib.
Buna da bax: Türkiyə 'Oskar'a bu filmi göndərirİtalyan aksenti
Filmin rejissoru Ridli Skott filmlə bağlı tənqidləri qəbul etmir. "Yadınızda saxlamalısınız ki, Quççilərdən biri öldürülüb, biri də vergidən yayınmaya görə həbsə gedib. Ona görə də mənimlə qazanc əldə etməkdən danışa bilməzsiniz", – o, BBC-yə deyib.
Bir çox tamaşaçılar filmdə aktyorların italyan aksenti ilə danışmasını da tənqid ediblər. Ledi Qaqanın həm kamera qarşısında, həm də kamera arxasında aksenti üzərində doqquz ay işlədiyi deyilir. Ancaq filmin heyəti ilə işləyən dialekt müəllimi onun aksentinin daha çox rus aksentinə bənzədiyini deyib.
İki həftəyə 7.3 milyon dollar
Ümumilikdə film barədə rəylər çox qarışıqdır. Tənqidçilər onu "bahalı, şıltaq mənasızlıq", "parıldayan qlamur səliqəsizlik" və "mənasız və çox iyrənc sabun operası" adlandırıblar. Ancaq Ledi Qaqanın aktyor oyunu, əsasən, təriflənir və hətta "Oskar" haqda söz-söhbət belə gedir.
Bütün tənqidlərə rəğmən, "Variety" saytı yazır ki, film ekrana çıxdığı iki həftəsonu ərzində 7.3 milyon dollardan artıq kassa gəliri toplayıb.
84-yaşlı Ridli Skott bu il bir yox, iki film buraxıb. Onun bu il çıxan digər işi Orta Əsrlər dövrü haqda olan "The Last Duel" filmidir.