HRW: Rusiya krımlıları orduya çağırmaqla beynəlxalq qanunları pozur

Rusiya əsgərləri Krımda, 20 mart 2014

Rusiya krımlıları orduya çağırmaqla beynəlxalq qanunları pozur. Beynəlxalq insan hüquqlarını müdafiə təşkilatı Human Rights Watch-ın yaydığı bəyanatda belə deyilir.

Təşkilat hesab edir ki, Moskva ilhaq etdiyi Krımın sakinlərini Rusiya silahlı qüvvələrinə çağırmaqla beynəlxalq qanunları pozmaqda davam edir.

"Rusiyanın işğalçı ölkə kimi Krım sakinlərini orduya çağırmaq hüququ yoxdur və onun bu çağırışı beynəlxalq qanunların ciddi pozulmasıdır" deyə təşkilatın Avropa və Mərkəzi Asiya üzrə direktoru Hugh Williamson bəyan edir.

"Silahlı qüvvələrdə xidmət etməkdən imtina edənlərə qarşı cinayət ittihamları irəli sürməsi isə bu pozuntunu ikiqat artırır" deyə Williamson əlavə edir.

“IV Cenevrə Konvensiyasına uyğun olaraq, işğalçı-dövlət işğal olunmuş ərazinin sakinlərini silahlı və ya köməkçi qüvvələrində xidmət etməyə məcbur edə bilməz. Konvensiya həm də "könüllü müraciəti təmin etməyə yönəlmiş hər hansı bir təzyiq və ya təbliğatı" da açıq şəkildə qadağan edir" deyə sənəddə qeyd olunur.

Buna da bax: Rusiya Krımın işğalını necə boynuna aldı

2014-cü ildə Rusiya Ukraynanın Krım yarımadasında nəzarəti ələ keçirməklə bölgəni ilhaq edib. Beynəlxalq birlik Krımı Ukraynanın ərazisi hesab edir.

Moskva həmçinin Ukraynanın şərqində silahlı münaqişədə separatçıları müdafiə edib, hansı ki, 2014-cü ilin aprelindən bəri bu münaqişədə 13 mindən artıq insan ölüb.