Hərbçilər qəzaya düşüb 

Azərbaycan ordusuna məxsus hərbi maşın

Daxili Qoşunların hərbçiləri bu gün, iyulun 17-də qəzaya düşüb.

Bu barədə məlumatı Daxili İşlər Nazirliyindən ( DİN ) də "Turan" Agentliyinə təsdiqləyiblər.

Mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov bildirib ki, günorta saatlarında Göygöl rayonunun Aşıqlı kəndində Daxili İşlər Nazirliyi Daxili Qoşunlarına məxsus “Ural” markalı avtomobil aşıb.

Onun sözlərinə görə, qəzaya səbəb sürücünün idarəetməni itirməsi olub :

"Hadisə nəticəsində 15 nəfər hərbi qulluqçu müxtəlif növ xəsarətlər alıb. Onlardan 12-nin xəsarətləri yüngül olduğundan yerindəcə tibbi yardım göstərilib. Digər 3 nəfərin vəziyyəti orta-ağır olduğundan hospitala yerləşdirilib. Xoşbəxtlikdən hadisə zamanı ölən olmayıb”.

E. Zahidov habelə qeyd edib ki, faktla bağlı araşdırma aparılır.

Bu açıqlamaya, hələlik, sürücünün və qəzaya düşən digərlərinin münasibətini almaq mümkün olmayıb.