Ötən il Rio Olimpiadasında ABŞ-a medal qazandırmış müsəlman qılıncoynadan Ibtihaj Muhammad ABŞ rəsmiləri tərəfindən sərhəddə heç bir izahat verilmədən iki saat saxlandığını deyir.
Dyuk Universitetinin əslən Nyu-Cersidən olan məzunu hara səfər etdiyini deməyib. O, baş verənləri ABŞ prezidenti Donald Trump-ın səfər qadağası ilə də əlaqələndirməyib.
«ONA ÇOX ÇƏTİN İDİ»
«Bunun niyə baş verdiyini deyə bilmərəm. Ancaq mən bilirəm ki, müsəlmanam. Adım ərəb adıdır. ABŞ-ın Olimpiya komandasını təmsil etməyin necə göründüyünü və insanların səni necə qəbul etdiyini dəyişmir», – Muhammad deyir.
Ibtihaj Muhammad Birləşmiş Ştatların olimpiadada gümüş medal qazanmış ilk hicablı idmançısı olub.
O, hava limanında baş verənlərə görə ağladığını, məyus olduğunu söyləyir. «Ancaq eyni zamanda, mən səsləri eşidilməyən insanların müdafiəsinə qalxmalıyam... Düşünürəm ki, biz qadınlar, dərisinin rəngi fərqli olan insanlar, müsəlmanlar, transgender, əlilliyi olan şəxslərin icması olaraq qalib gələcəyik», – deyən Muhammad pozitivliyini ortaya qoyub.
Buna da bax-Apellyasiya məhkəməsi Trump-ın miqrant qadağasını bərpa etmədi
Ötən yay Ibtihaj Muhammad-ın məşqçisi Akhi Spencer-El «The Washington Post» qəzetinə müsahibəsində idmançının üzləşdiyi çətinliklərdən danışıb. «Hava limanlarından keçəndə o, həmişə qrupun içində təhlükəsizlik işçiləri tərəfindən yoxlanılan yeganə adam olur. Sonra yarışlara münasibəti mənfi olan adamlarla üzləşirik. O zaman düşünürsən ki, «növbəti mərhələyə keçməyinə qərar verən adam budur?». Təzə-təzə ona çox çətin idi. O, savaşa-savaşa dünyaya eyni dərəcədə güclü olduğunu... göstərməli idi», – məşqçi demişdi.
«BURA MƏNİM EVİMDİR»
Muhammad D.Trump-ı tənqid edir. O, Olimpiya Oyunları zamanı özünü Trump-ı tanımırmış kimi göstərmişdi. Bir dəfə o, Twitter-də yazmışdı ki, «dostların Trump kimi dostu olmaz». «Time» jurnalına müsahibəsində isə belə demişdi: «Donald Trump-a qalsa, Amerika, sadəcə, ağ olardı, heç bir rəng və müxtəliflik qalmazdı». Trump-ın 7 müsəlman ölkəsindən gələnlərə səfər qadağasının tətbiqindən az sonra isə idmançı Twitter-də belə yazmışdı: «#NoBanNoWall, bizim müxtəlifliyimiz ölkəni güclü edir».
Buna da bax-Trump iranlı ailənin toy planlarını alt-üst edib
31 yaşlı Muhammad deyir ki, onun idmandan başqa missiyası həm də dirəniş göstərmək, maarifləndirmək və ilhamlandırmaqdır. İxtisası beynəlxalq münasibətlər, afrikaşünaslıq və ərəb dili olan Ibtihaj Muhammad gündə beş dəfə namaz qılır, Ramazan ayında oruc tutur və ciddi rejimlə məşq edir. O, öz bacı-qardaşları ilə birlikdə zövqlü, rəngli və örtülü qadın geyimləri kolleksiyası yaratmağa başlayıblar.
«Bura mənim evimdir, mən buyam. Ailəm daim burada olub. Biz doğuşdan amerikalıyıq. Bu, mənim kimliyimin bir hissəsidir. Bildiyim budur. Ona görə kiminsə, «biz müsəlmanları öz ölkələrinə göndərəcəyik» deməsini eşidəndə, düşünürəm ki, mən hara getməliyəm, mən ki, amerikalıyam», – Ibtihaj Muhammad deyir.