İD sözçüsünün şimali Suriyada öldürüldüyü xəbər verilir

İddia edildiyinə görə Abu Bakr al-Baghdadi-nin gizləndiyi yerin peyk görüntüsü

Özəyini kürdlərin təşkil etdiyi Suriya Demokratik Qüvvələri (SDQ) bildirib ki, İslam Dövləti (İD) ekstremist təşkilatının sözçüsü ABŞ-la birgə keçirilən əməliyyat zamanı öldürülıüb.

Bundan əvvəl, oktyabrın 27-də ABŞ prezidenti Donald Trump demişdi ki, İD-in lideri Abu Bakr al-Baghdadi Suriyada keçirilmiş reydlə məhv edilib.

SDQ-nin komandanı Mazloum Abdi Twitter-də yazıb ki, İD-in sözçüsü Abu Hassan al-Muhajir Türkiyə ilə həmsərhəd Carablus şəhərinin yaxınlığındakı kənddə SDQ kəşfiyyatı və ABŞ ordusunun əlaqələndirilmiş əməliyyatnda “hədəflənib”.

Bundan sonra Twitter-də yazdığı postda SDQ-nin sözçüsü Mustefa Bali də Muhajirin öldürüldüyünü təsdiq edib.

Bu arada Baghdadi-nin öldürüldüyü yeri göstərən video açıqlanıb:

Londonda mənzillənmiş Suriya İnsan Haqları Müşahidə qrupu da Muhajirin öldürüldüyü deyib.

Qrup xəbər verir ki, Muhajir və daha 5 İD üzvünün öldürüldüyü bu əməliyyatı ABŞ və SDQ qüvvələri birlikdə aparıblar.

Bali bunu da deyib ki, bu bölgədə azadlıqda qalan İD üzvləri var və onlar hələ də şimal-qərbi Suriyada gizlənməyə çalışırlar.

Buna da bax: Rusiya İŞİD liderinin ölümünə inanmır – Qərb mediası

Oktyabrın 27-də Trump bəyan etmişdi ki, dünyanın bir nömrəli axtarışda olan şübhəlisi Baghdadi gecə saatlarında ABŞ xüsusi qüvvələrinin keçirdiyi reyddə öldürülüb.

Trump bildirib ki, ABŞ qüvvələri bu reyddə “çox sayda” İD silahlısını məhv edib.