İdlibdə başlayan birgə patrul xidmətində problem yaranıb

Recep Tayyip Erdogan (sağ) və Vladimir, Moskva, 5 mart 2020

Martın 15-də Suriyanın İdlib əyalətindəki M4 avtomobil yolunda ilk Türkiyə -Rusiya ortaq patrulu başlayıb. Amma bu birgə xidmət Erdoğanla Putin arasında əldə olunan razılıqdakı kimi tam marşrut boyunca baş tutmayıb. Bu barədə AzadlıqRadiosunun rus xidməti məlumat yayıb.

Məlumata görə, sakinlər magistral yolu bağlayaraq hərbçilərin keçməsinə icazə verməyəcəklərini bildiriblər. Nəticədə patrul marşrutu qısaldılmalı olub. Latakiya və Hələbi birləşdirən bu magistral yolun əhəmiyyətli hissəsi Suriya prezidenti Bəşər Əsəd əleyhdarlarının nəzarət etdiyi ərazidən keçir.

Rusiya müdafiə nazirliyi Türkiyənin nəzarətində olmayan radikal dəstələrin planladığı təxribatlar səbəbindən marşrutun azaldıldığını" bildirir.

Suriyanın şimal-qərbindəki İdlib əyalətində - Suriyanın silahlı müxalifətinin nəzarətində olan Fərat ərazisinin qərbində atəşkəsə əməl olunur. Bir neçə həftəlik qanlı döyüşlərdən sonra Moskvada Türlkiyə ilə Rusiya arasında keçirilən görüşdən sonra bu bölgədə atəşkəs əldə olunub. Bəzi müxalif qruplar, xüsusən də Rusiyada terrorçu qrup kimi tanınan "Hayat Tehrir eş-Şam" qruplaşmasının cihadçıları Rusiya ilə Türkiyə arasındakı bu razılaşmanı tanımadıqlarını bəyan ediblər.

Türkiyə və Rusiya hərbçiləri həmçinin Suriyanın şimalında, kürdlərin yaşadığı ərazilərdə də birgə patrul həyata keçirilər.