Azərbaycanda 14 federasiyanın fəaliyyəti dayandırılıb

Karate

Martın 30-da Gənclər və İdman Nazirliyinin növbəti Kollegiya iclası keçirilib.

Nazirliyin martın 31-də yaydığı məlumata görə, iclasda ölkə ərazisində yayılan idman növlərinin və fənlərinin tanınması, ictimai birliklərə respublika idman federasiyası statusunun verilməsi haqqında xüsusi komissiyanın arayışı müzakirə edilib

Kollegiyanın qərarına əsasən, bir sıra idman növləri ilə bağlı ictimai birliklərin (İB) akkreditasiyaları təsdiqlənib.

Amma 14-nün fəaliyyəti isə dayandırılıb: "WKC növləri üzrə Azərbaycan Karate Federasiyası" İB, "Şito-Ryu Karate-Do Federasiyası" İB, "Azərbaycan Coriyo Kunq-Fu Federasiyası" İB, "Azərbaycan Döyüş Federasiyaları Assosiasiyası" İB və "Azərbaycan Dağçılıq və Ekstremal İdman Növləri Federasiyaları Assosiasiyası" İB. Skayraninq, boulinq, çoxnövçülük, aykido, dama, alpinizm, hava və ekstremal, səmti müəyyənetmə, budo döyüş növləri üzrə də federasiyalar bu siyahıya daxil edilib.

Kollegiya qərarı ilə indiyə qədər statusu təsdiqlənən federasiyaların sayı 17-yə çatıb. Ümumilikdə isə 19 federasiyanın statusu dayandırılıb.

"Federasiyaların statusuna baxılması prosesi davam edir", - nazirlik qeyd edir.

Federasiyaların fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanmayıb. Qərara sözügedən qurumlardan isə, hələlik, münasibət almaq mümkün olmayıb.