Federasiyalar haradan, necə maliyyələşir? [video]

Sizin brauzer HTML5-i dəstəkləmir

İdman federasiyaları pulu haradan alırlar?

Azərbaycanda 40-a yaxın müxtəlif idman növləri üzrə federasiyalar var. Bəs, bu federasiyalar haradan, necə maliyyələşir?

Bu günlər güləşçilərin maaş tələbi ilə Bakıda keçirdikləri etiraz aksiyası həm də bu sualı gündəmə gətirib.

İdman şərhçisi Coşqun Eldaroğlu düşünür ki, bu aksiya həm də Federasiyaların maliyyələşməsində ciddi problemlər olduğunu üzə çıxardı:

“İdman hakimiyyətlər üçün uğur görüntüsü yaradır. Ona görə də Azərbaycan kimi ölkələrdə idmana diqqət olur. Lakin ölkənin gəlirlərinin azalması bir çox sahələrə olduğu kimi idmana təsir edir. Bu sahəyə əvvəlki pullar gəlmir. Ona görə də problem digər sahələrdə də özünü göstərəcək”.

Buna da bax:​ Azərbaycan yığmasının güləşçiləri yarış əhvalında deyil [video]

Coşqun Eldaroğlu deyir ki, Qərb ölkələrində də müxtəlif idman federasiyaları var. Onların büdcələri sahibkarların yardımı, başqa ianələr hesabına formalaşır. Təbii ki, dövlət büdcəsindən də vəsait ayrılır. Lakin Azərbaycandan fərqli olaraq, Qərbdəki idman federasiyalarının saxlanması hansısa nazirin və ya digər yüksək çinli məmurun kurasiyasına verilmir.

Coşqun Eldaroğlu

Adı son günlər daha çox hallanan Güləş Federasiyasının prezidenti vergilər naziri Fazil Məmmədovdur. Birinci vitse-prezident Mehriban Əliyeva Gimnastika Federasiyasının, Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisi Vaqif Axundov atıcılıq federasiyasının, Fövqəladə Hallar naziri Kamaləddin Heydərov Boks Federasiyasına prezidentidir.

Buna da bax: Azərbaycanın boks qurumuna verdiyi 10 milyon dollar araşdırılır

Bəs, bu federasiyalar necə maliyyələşir? İdman və Gənclər nazirliyinin sözçüsü Səmayə Məmmədovanın izahı belədir:

“İdmançıların maaşlarının ödənməsi, məşq və hazırlıqların təşkili federasiyaların üzərinə düşür. Yalnız nazirlik hansısa beynəlxalq yarışlarda çempion olanlara ölkə başçısının sərəncamı əsasında vəsaitlər ödəyir. Federasiyaların maliyyələşməsi isə onların daxili işidir, nazirlik olaraq, biz bu haqda bir şey deyə bilmərik”.

Elə Güləş Federasiyasının maaş ala bilməyən idmançılarla bağlı açıqlaması da nazirliyin sözçüsünün dedikləri ilə üst-üstə düşür. Federasiya açıqlamasında sponsorların yardımı ilə fəaliyyət göstərdiyini, indiki maliyyə çatışmazlığının isə müvəqqəti olduğu bildirir:

"Federasiyaların maliyyə durumu bir çox hallarda məhz sponsorların yardımından asılı olur və bəzən müəyyən çətinliklərin yaranması, maliyyələşmənin azalması təbii, anlaşılandır və şübhəsiz ki, müvəqqəti xarakter daşıyır".

Buna da bax:​ Güləş Federasiyası: 'Maaş vermək öhdəliyimiz yoxdur'

Güləş Federasiyası açıqlamasında həm də əlavə edir ki, idmançılara maaş vermək kimi bir öhdəliyi də yoxdur.

Müxalifətdə olan Real hərəkatının icra katibi Natiq Cəfərli deyir ki, həqiqətən də federasiyaların sponsorlar tərəfindən dəstəklənməsi beynəlxalq praktikada geniş yayılıb. Onun fikrincə, Azərbaycanda isə federasiyaları hansısa sponsorların yox, yüksək çinli məmurların “saxlaması” kimsəyə sirr deyil:

Natiq Cəfərli

“Bu vəsaitlərin mənşəyi-mənbəyi məlum deyil. Yəni, federasiya rəhbərləri – məmurlar, haradan qazandıqlarını bəyan etmədikləri vəsait hesabına idmançıları maliyyələşdirirdilər”.

Natiq Cəfərli deyir ki, azad, rəqabətli biznes ortamı olmayan cəmiyyətlərdə idman məmurun çirkli pulları üzərində qurulur.

Buna da bax: Azərbaycan məmurlarının idman sevgisi...

Biz Bakı sakinlərindən də soruşmuşuq ki, onların fikrincə, dövlət büdcəsindən idmançılara böyük miqdarda qonorarlar, maaşlar verilməsi nə dərəcədə düzgündür?

Sizin brauzer HTML5-i dəstəkləmir

Sizcə, dövlət idmançılara maaş verməlidirmi? [video-sorğu]

Azərbaycan bu il İslam Oyunlarına ev sahibliyi edib. Prezident İlham Əliyev birinci yeri tutanlara 100 min manat, ikinci yeri tutanlara 50 min manat, üçüncü yerin sahibinə isə 30 min manat pul mükafatı verilməsi haqda sərəncam imzalamışdı.