Moskva məhkəməsi Mirzəlizadə haqda qərarın icrasını dayandırıb

İdrak Mirzəlizadə məhkəmədə, avqust, 2021-ci il

Mirzəlizadə həmin perfomansa görə avqustda 10 gün həbs cəzası çəkib

Moskvada məhkəmə Daxili İşlər Nazirliyinin azərbaycanlı məzhəkəçi haqda qərarının icrasını müvəqqəti dayandırıb. İdrak Mirzəlizadənin rusiyalılar barədə zarafatından sonra onun Rusiyaya girişi və bu ölkədə yaşamasına ömürlük qadağa qoyulub.

Komediyaçının vəkili Sergey Badamşin Telegram-da yazıb ki, sentyabrın 16-da Zamoskvoreçye rayon məhkəməsi sözügedən qərarın icrasını tam məhkəmə qərarı çıxanacan dayandırıb.

Buna da bax: İdrak Mirzəlizadə Rusiyada ‘ömürlük arzuolunmaz’ şəxs elan edildi

Qalmaqallı perfomans

Daxili İşlər Nazirliyinin avqustun 30-da yaydığı məlumata görə, Belarus vətəndaşı, Rusiyada daimi yaşayış izni olan Mirzəlizadənin “etnik rusiyalılara qarşı nifrət və ədavəti qızışdırmasına görə” Rusiya Federasiyasında qalması “arzuolunmaz”dır.

Moskvada standup komediyaçısı kimi tanınan Mirzəlizadə isə deyib ki, qalmaqala səbəb olmuş perfomansında qeyri-rusiyalıların Rusiya paytaxtında mənzil kirayələyən zaman üzləşdikləri problemlərdən söz açıb.

Komediyaçı başqaları rusiyalıları ayrı-ayrı insidentlərə görə tanıyarsa nə baş verəcəyi haqda zarafat edib, rusiyalılar arasında yaşayan qeyri-rusiyalılar haqda qərəzli yanaşmanı formalaşdıran situasiyalarla paralellər aparıb.

Buna da bax: Rusofobları Rusiyaya buraxmaya bilərlər

Üzr istəyib

Mirzəlizadə həmin perfomansa görə avqustda 10 gün həbs cəzası çəkib.

O, təqsirsiz olduğunu desə də, “perfomansının kontekstdən çıxarılan bəzi yerləri tərəfindən təhqir olunduğunu hiss edənlərdən” dəfələrlə üzr istəyib.

Komediyaçı iyunun əvvəlində Instagram-da yazıb ki, perfomansına görə dəfələrlə təhdid olunub və iki naməlum şəxsin hücumuna məruz qalıb.

O, hücum anının videosunu YouTube sosial şəbəkəsinə yerləşdirib.

Mirzəlizadə etnik talışdır. Onun atası, mərhum Kahin Mirzəlizadə Azərbaycan mediasında talış milli fəalı və separatçılıqda ittiham olunan Əlikram Hümbətovun yaxın adamı kimi təqdim olunur.