İkram Rəhimovun ev dustaqlığına buraxılması istənilir

İkram Rəhimov

Barəsində məhkəməyə qədər həbs qərarı verilən realliq.info saytının redaktoru İkram Rəhimovun ev dustaqlığına buraxılması istənilir.

Bu haqda AzadlıqRadiosuna onun ailə üzvləri bildiriblər.

Onların deməsinə görə, Rəhimovun vəkilləri bu gün, noyabrın 20-də bununla bağlı Səbail Rayon Məhkəməsinə vəsatətlə müraciət ediblər.

Vəkilləri İkram Rəhimov barəsindəki həbs qərarının ev dustaqlığına dəyişdirilməsini xahiş ediblər. Məhkəmədən həmçinin, onun 11 min manat məbləğində girov əvəzində azadlığa buraxılmasını istəyiblər.

Prosessual qanunvericiliyə görə, belə vəsatətlərə 10 gün ərzində baxılmalıdır.

Xatırlatma

İkram Rəhimovu oktyabrın 26-da Dövlət Təhlükəsizliyi Xidməti əməkdaşları saxlayıb . O tutulmazdan əvvəl prezidentin köməkçisi Əli Həsənovu tənqid etdiyinə görə izlənildiyini və təqib edildiyini bildirib.

Bu açıqlamaya Əli Həsənovdan hər hansı münasibət almaq mümkün olmayıb. Ancaq Mətbuat Şurasından onun açıqlamalarını əsassız sayıblar.

Dövlət Təhlükəsizliyi Xidmətinin ictimai əlaqələr şöbəsinin məlumatında isə İkram Rəhimovun başqalarından pul tələb etməkdə günahlandırıldığı qeyd olunurdu:

“İkram Rəhimov 2018-ci il oktyabrın 26-da Azərbaycan Cinayət Məcəlləsinin 182.2.1-ci və 182.2.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrarən hədə-qorxu ilə tələb etmə) maddələri üzrə şübhəli şəxs kimi saxlanaraq, cinayət məsuliyyətinə cəlb edilib”.

İkram Rəhimov 2016-cı ildə böhtana görə 1 illiyə azadlıqdan məhrum edilmiş, daha sonra vaxtından əvvəl azadlığa buraxılmışdı. O, onda da ittihamı qəbul etmirdi.