"Realliq.info" saytın həbsdəki redaktoru İkram Rəhimov-un saxlandığı 1 saylı Bakıİstintaq Təcridxanasında quru aclıq aksiyasına başladığı bildirilir.
Bu barədə AzadlıqRadiosuna onun qohumları məlumat verib.
Onların sözlərinə görə, İ. Rəhimov aclıq aksiyasına avqustun 7-dən başlayıb.
“Hazırda vəziyyəti pisləşib, lakin buna baxmayaraq, təcridxana rəhbərliyi onu karsa (cərimə kamerası-red) salıb” redaktorun qohumları deyib.
Vəkil Elçin Sadıqov dünən, avqustun 9-da İkram Rəhimovla görüşüb.Onun da deməsinə görə, müdafiə etdiyi şəxs aclıq aksiyası keçirdiyini bildirib.Vəkilin vurğulamasına görə, İkram Rəhimovun ağzının selikli qişasında yaralar əmələ gəlib. E. Sadıqovun deyir ki, İkram Rəhimov bildirib ki, Apellyasiya Məhkəməsində onun şikayəti üzrə keçirilən prosesin gedişatına etiraz olaraq aclıq elan edib:
"Birinci instansiya məhkəməsinin protokolları saxtalaşdırılıb.Ona görə də biz məhkəmə şahidlərin dindirilməsi ilə bağlı vəsatət qaldırdıq. Lakin vəsatət təmin edilmədi".
İkram Rəhimovun aclıq aksiyasına başlaması və cərimə kamerasına salınması ilə bağlı deyilənlərə, hələlik,Penitensiar Xidmətdən münasibət öyrənmək mümkün olmayıb. Amma bu qurumdan bir qayda olaraq bildirirlər ki, Azərbaycandakı təcridxana və cəzaçəkmə müəssisələrində məhbuslarla yalnız qanun çərçivəsində davranılır.
Birinci instansiya məhkəməsində protokolların dəyişdirilməsi, apelyasiya şikayətinə baxış ilə bağlı deyilənlərə də Bakı Ağır Cinayətlər Məhkəməsi və uygun qurumlardan münasibət almaq cəhdləri də nəticə verməyib.
Xatırlatma
İkram Rəhimovu ötən ilin oktyabrın 26-da Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları həbs edib. Ona qarşı Cinayət Məcəlləsinin (CM) 182.2.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrarən hədə-qorxu ilə tələbetmə) maddəsi ilə cinayət işi açılıb. İyunun 12-də Bakı Ağır Cinayətlər Məhkəməsində verilən hökmlə İRəhimov 5 il 6 ay azadlıqdan məhrum edilib.
İ.Rəhimov özünü təqsirli bilmir. O, tutulmazdan əvvəl prezidentin köməkçisi Əli Həsənovu tənqid etdiyinə görə izlənildiyini bildirmişdi.
Onda bu açıqlamaya Əli Həsənovdan hər hansı münasibət almaq mümkün olmamışdı. Ancaq İkram Rəhimovun tənqid etdiyi qurumlardan biri, Mətbuat Şurasından onun açıqlamalarını əsassız sayıblar. Qurumdan bildiriblər ki, onlar da İkram Rəhimovun fəaliyyəti ilə bağlı oxşar məzmunlu şikayətlər alıblar.
İkram Rəhimov 2016-cı ildə böhtana görə 1 illiyə azadlıqdan məhrum edilmiş, daha sonra vaxtından əvvəl azadlığa buraxılmışdı. O, onda da ittihamı qəbul etmirdi.