Deputatlığa namizədliyi 6 il gözləməmək üçün...

Sizin brauzer HTML5-i dəstəkləmir

Milli Məclisin son iclasından görüntülər

Bir sıra ictimai-siyasi fəallar parlament seçkilərinə namizəd kimi qatılmaq istəsələr də, barələrindəki məhkəmə hökmləri onlara mane olur. Çünki Azərbaycan Konstitusiyasının 85-ci maddəsi ağır cinayətlərə görə məhkum olunmuş şəxslərin (ödənilməmiş və ya üzərindən götürülməmiş məhkumluğu olduqda) seçkidə namizəd kimi iştirakını qadağan edir.

Qanun nə deyir

Seçki hüququ üzrə mütəxəssis Hafiz Həsənov deyir ki, ağır cinayətə görə azadlıqdan məhrum edilmiş şəxs ancaq məhkumluğu ödəniləndən, ya da vaxtından əvvəl üzərindən götürüləndən sonra namizəd kimi seçkidə iştirak edə bilər. Məhkumluğun necə, hansı hallarda ödənilməsi (götürülməsi) məsələsi isə Cinayət Məcəlləsinin 83-cü maddəsində tənzimlənir. Bu qanunda yazılıb ki, ağır cinayətə görə həbs olunanların cəzanı çəkib qurtardığı gündən altı il keçəndə məhkumluğu ödənilmiş sayılır.

Bu müddətdə tamam olmamış da məhkumluq götürülə bilər, yalnız məhkəmə qərarı əsasında. Cinayət Məcəlləsinin 83.5 maddəsində yazılıb ki, «şəxs cəzanı çəkib qurtarandan sonra nümunəvi davranışıyla islah olunduğunu sübut etsə, məhkəmə məhkumluğu vaxtından əvvəl onun üzərindən götürə bilər».

H.Həsənov

H.Həsənov deyir ki, müddət tamam olmamış məhkumluğun götürülməsindən ötrü şəxs özü birinci instansiya məhkəməsinə (rayon məhkəməsi-red.) vəsatət verməlidir: «Ümumi ifadə etsək, bunun üçün şəxsin əlində nümunəvi davranışla bağlı yüksək xarakteristikası olmalıdır. Vəsatəti təmin edib-etməmək isə artıq məhkəmənin səlahiyyətində olan məsələdir. Qanunda ümumi formada yazılıb ki, «şəxs nümunəvi davranışıyla islah olunduğunu sübut etdikdə», amma hakim qərar verir ki, bu adam islah olunub, onun üzərindən məhkumluq götürülə bilər, yoxsa yox».

Hüquqşünasın sözlərinə görə, şərti məhkum edilmiş şəxslərin isə onlara təyin edilmiş sınaq müddəti bitən kimi məhkumluqları ödənilmiş sayılır.

Buna da bax: İlqar Məmmədov Azərbaycanın AŞ-dan çıxarılması üçün təqdimat hazırlayır

Kimlərin məhkumluğu qalır

Avropa Şurası Nazirlər Komitəsi dekabrın 5-də 8 nəfərin (Rəşadət Axundov, Rəşad Həsənov, Üzeyir Məmmədli, Zaur Qurbanlı, İlqar Məmmədov, Anar Məmmədli, İntiqam Əliyev və Rəsul Cəfərov) işi ilə əlaqədar Azərbaycan hökumətinə çağırış etdi. Bu 8 nəfərin şikayəti üzrə Avropa Məhkəməsi ayrı-ayrı vaxtlarda qərar verib, İnsan Hüquqları və Əsas Azadlıqların Müdafiəsinə dair Avropa Konvensiyasının 5-ci (azadlıq hüququ) və 18-ci (konvensiyadan kənar məqsədlərlə hüquqların məhdudlaşdırılmasının qadağan edilməsi) maddələri ilə təminat verilən hüquqlarının pozulduğunu təsdiqləyib. Avropa Məhkəməsinin qərarlarının icrasına nəzarət edən Nazirlər Komitəsi isə Azərbaycan hökumətinə çağırış edib ki, bu adamların hüquqi statusu həbslərindən əvvəlki vəziyyətinə qaytarılsın. Başqa sözlə, həbsdə olmaları, məhkumluqları səbəbindən heç bir məhdudiyyətlə üzləşməsinlər.

Bu siyahıda adları olanlardan İnsan Hüquqları Klubunun rəhbəri Rəsul Cəfərov da üzərindəki məhkumluq səbəbindən deputatlığa namizəd ola bilmir. Dairə seçki komissiyası bu əsasla ona seçki vərəqələri verməkdən imtina edib.

R.Cəfərov

R.Cəfərov AzadlıqRadiosuna deyir ki, özü də daxil, 8 nəfərin haqqında Avropa Məhkəməsinin qərarları, Avropa Şurası Nazirlər Komitəsinin çağırışları onların işində mahiyyəti dəyişir. Hüquq müdafiəçisinin sözlərinə görə, adi halda, məhkumluğun vaxtından əvvəl götürülməsi üçün yerli məhkəməyə müraciət, hakimin bu qərarı tələb olunsa da, onların işində yanaşma fərqli olmalıdır. R.Cəfərov fikrini də belə əsaslandırır: «Avropa Məhkəməsinin qərarları o anlama gəlir ki, bizim azadlıq hüququmuz siyasi məqsədlərlə məhdudlaşdırılıb, yəni həbsimiz siyasi olub. Hökumət də bu qərarları mübahisələndirməyib. Yuxarı Palataya şikayət verilməyib, Çingiz Əsgərov hələ sentyabrda qərarın icra olunmasıyla bağlı Nazirlər Komitəsinə məktub göndərib. Əgər Avropa Məhkəməsinin qərarı olmasaydı, bizim işlərdə formallıq tələb oluna bilərdi. Yəni biz də məhkəməyə müraciət etməliydik, məhkəmə məhkumluğu götürəcəkdisə, hüququmuz bərpa olunardı, ərizəmiz təmin olunmasaydı, yox. Amma Avropa Məhkəməsinin 8 nəfər haqqında qərarları bu cür formallığa əl yeri qoymur».

Buna da bax: Parlament seçkilərindən iki fərqli gözlənti

Hüquq yox, siyasi iradə

Azərbaycanın Avropa Məhkəməsindəki nümayəndəsi Çingiz Əsgərov ötən ilin sentyabrında Avropa Şurası Nazirlər Komitəsinə məktubunda göstərib ki, sözügedən şəxslərlə bağlı qərarların icrası məqsədilə onların işi yenidən baxılması üçün Ali Məhkəməyə göndərilib. Bu şəxslər haqqında vaxtilə Ali Məhkəmə də qərar çıxardığına görə bu dəfə məsələyə Ali Məhkəmənin Plenumu baxmalıdır. Ç.Əsgərovun məktubundan ötən üç ay ərzində Plenumun iclası (noyabrın 15-də) keçirilsə də, bu işlərə baxılmayıb.

«Burada siyasi yanaşma özünü göstərir. Hüquqdan yox, siyasi iradədən söhbət gedir. Bizim passiv seçki hüququmuzu məhdudlaşdırmaq üçün göstərilən məhkumluq bəhanəsi hüquqi səbəb deyil, siyasidir. Sentyabrda artıq bizim işlərimiz göndərilmişdisə, niyə indiyə qədər baxılmayıb?», – R.Cəfərov belə deyir.

Vəkil Adil İsmayılov isə 8 nəfərin işində məhkumluğun götürülməsi üçün ayrıca məhkəmə qərarına ehtiyac olmaması barədə fikirlərlə razılaşmır. Deyir ki, Avropa Məhkəməsinin qərarı kifayət etmir, mütləq yerli məhkəmənin də qərarı olmalıdır. Vəkilin sözlərinə görə, məsələn, Ali Məhkəmənin Plenumu şəxs haqqında çıxarılmış hökm və qərarları ləğv etsə, bu halda, o, məhkum edilməmişdən əvvəlki vəziyyətinə qayıtmış olur. Yəni üzərindən məhkumluq götürülür. Yaxud da şəxs özü CM-in 83-cü maddəsinə uyğun qaydada məhkumluğun götürülməsi üçün məhkəməyə ərizə verir. A.İsmayılov deyir ki, bu məsələnin məhkəmədən kənar bir yolu da var:

A.İsmayılov


«Cinayət Məcəlləsinin 82.4-cü maddəsinə əsasən, «əfvetmə aktıyla da cəzasını çəkmiş şəxsin məhkumluğu götürülə bilər». Yəni kim istəsə, məhkumluğunun əfvetmə aktı ilə götürülməsi üçün prezidentə müraciət edə. Prezident müsbət cavab versə, şəxsin üzərindəki məhkumluq götürülə bilər».

Qısa müddətdə məhkumluğu götürülənlər...

Bir sıra keçmiş məmurlar var ki, ağır cinayətlərə görə məhkum edilsələr də, qısa müddət sonra onların üzərindən məhkumluq götürülüb. Məsələn, «Rabitə işi»ndə milyonlarla manat dövlət vəsaitini mənimsəməkdə suçlanan «Aztelekom» MMC-nin sabiq rəhbəri Məhəmməd Məmmədov, Beynəlxalq Bankın «Nərimanov», «Sənaye» filiallarının müdiri işləmiş və bu vəzifədə olarkən 1.2 milyon manatlıq mənimsəmədə təqsirli bilinən Məmməd Cahangirov...

Buna da bax: Rüşvətxor məmuru azadlığa buraxır, müxalifətçinin cəzasını ağırlaşdırırlar

M.Məmmədova 2017-ci ilin noyabrında 5 il 5 ay 19 gün şərti cəza verilmişdi. Düz bir il sonra – 2018-ci ilin noyabrında Xətai rayon Məhkəməsi M.Məmmədovun üzərindəki şərti məhkumetməni ləğv edib, məhkumluğunu da götürüb. Hətta prokuror bu qərardan narazı qalıb apellyasiya və kassasiya şikayətləri versə də, yuxarı məhkəmələr qərarı dəyişməmişdi.

Hazırda «Gilan Holding»in vitse-prezidenti olan M.Cahangirovun üzərindəki məhkumluğu isə Yasamal Rayon Məhkəməsi götürüb. Bu işdə də prokuror protest versə də, apellyasiya məhkəməsi nəticəni dəyişməyib.

Üzərindəki məhkumluq səbəbiylə namizəd kimi seçkidən kənarda qalmaq təhlükəsi ilə üzləşən şəxslər üçün bu problemi həll etmək baxımından isə zaman hər keçən gün daralır. Seçki Məcəlləsinin 58-ci maddəsinə görə, namizədlərin qeydə alınması üçün səsvermə gününə ən azı 30 gün qalmış seçki komissiyasına toplanmış imzalar təqdim olunmalıdır. Azərbaycanda parlament seçkilərinin fevralın 9-na təyin edildiyini nəzərə alsaq, deməli, ən uzağı yanvarın 10-na qədər imza vərəqələri hazır vəziyyətdə komissiyada olmalıdır.

Azərbaycanda isə bu il Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik Günü ilə əlaqədar yanvarın 7-nə qədər qeyri-iş günüdür...