23 ildir işıqsız qalan kəndən xəbər var

Sizin brauzer HTML5-i dəstəkləmir

Azərbaycanın 21 ildir işığa həsrət qalan kəndi (Video arxiv-2017)

Astara rayonunun Səkəşam kəndinin sakinləri illərdir elektrik enerjisinin olmamasından şikayət edirlər. Yerli sakinlərin deməsinə görə, bu kənd 1996-cı ildən işıqsız qalıb.

Kənd sakinlərinin sözlərinə görə, indiki halda elektrik təminatını yalnız generatorlar vasitəsilə ödəyə bilirlər.

Bu məsələ ilə bağlı açıqlama verən «Azərişıq» ASC-nin mətbuat xidmətindən bildiriblər ki, həmin kənddə bir neçə ailə yaşayır: «Bizim bildiyimiz qədər, orada bir neçə ailə qalır. Yayda yaylaqda olurlar, qışda kəndə gəlirlər. Bizə deyilənə görə, 3 və ya 4 ailə orada qalır. Digər tərəfdən, ora yol yoxdur. Yol infrastrukturu qurulmalıdır ki, elektrik xətləri çəkilsin. Bunun üçün meşələrin bir hissəsi qırılmalıdır. Yəni, ora elektrik xətti çəkmək üçün yol yoxdur. Vətəndaşlar da etiraz edir ki, bura elektrik xətti çəkin».

ASC-dən bildiriblər ki, bu məsələ layihəyə salınmalıdır ki, öz həllini tapsın.

Xatırlatma

Hələ, 2017-ci ildə Astara Rayon İcra Hakimiyyətindən Azadlıq Radiosuna bildirmişdilər ki, bu məsələ «Azərişıq» ASC-yə çatdırılıb. Amma icra hakimiyyəti də məsələnin birdəfəlik həllinin yubanmasını kənddə vur-tut 4-5 ailənin yaşamasını göstərməklə izah etmişdilər: «4-5 ailədən ötrü o boyda yol, işıq, qaz, su layihələri həyata keçirmək mümkün deyil. O sakinlərə yaxın kəndlərə köçürülmə təklifi olunub. Razılıq versələr, hökumət yerləşmələrinə hər cür şərait yaradacaq».

Yerli sakinlər isə deyirlər ki, Səkəşam kəndinin havası təmiz, torpağı isə bərəkətlidir.