Prezident İlham Əliyev, əməkhaqqı, təqaüd və sosial yardımların artırılması ilə bağlı Nazirlər Kabinetinə təkliflər hazırlamağı tapşırıb.
Belə bir tapşırıq Prezidentin oktyabrın 16-da „Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında“ verdiyi sərəncam yer alıb.
Bu barədə prezidentin rəsmi internet səhifəsində məlumat yerləşdirilib.
Sərəncamda ölkə əhalisinin rifahın yaxşılaşdırılmasının aparılan sosial-iqtisadi siyasətin mühüm prioritetlərindən olduğu bildirilir. Qeyd olunur ki, bu məqsədlə 2019-cu ildə iki sosial islahat zərfi qəbul olunaraq icra edilib, müavinət və təqaüdlərin məbləği orta hesabla 92%, əmək pensiyasının minimum məbləğinin 72%, minimum əməkhaqqının 92%, dövlət büdcəsindən maliyyələşdirilən qurumlarda işləyənlərin əməkhaqlarının orta hesabla 50% artırılması təmin edilib.
„Görülmüş tədbirlər nəticəsində 2018-ci ilin əvvəli ilə müqayisədə orta aylıq nominal əməkhaqqının məbləğində 39%, əmək pensiyalarının orta məbləğində 60%, sosial müavinətlərin orta məbləğində 2 dəfə, Azərbaycan Respublikası Prezidentinin təqaüdlərinin orta məbləğində isə 2,2 dəfə artım əldə olunmuşdur.“
Sənəddə vurğulanır ki, 2021-ci ildə ölkə COVID-19 pandemiyasının yaratdığı sarsıntıları geridə qoyaraq, inamlı şəkildə iqtisadi bərpa yoluna qayıdıb.
Buna da bax: Əliyev ailəsinin Londonda 700 milyon dollarlıq mülkləri (Virtual tur)„Bununla yanaşı qeyd olunmalıdır ki, dünya iqtisadiyyatında bərpa meyillərinin güclənməsi müşahidə olunmaqdadır. Lakin dünya miqyasında iqtisadi fəallığın bərpası və məcmu tələbin artması templərinin vaxtilə dayandırılmış istehsal, nəqliyyat-logistika və təchizat güclərinin iqtisadi dövriyyəyə qaytarılması sürətini xeyli üstələməsi beynəlxalq bazarlarda bir çox əmtəələrin qiymətlərinin əhəmiyyətli dərəcədə qalxmasını şərtləndirərək yeni çağırışlar yaratmışdır“.
Sərəmcanda vurğulandığına görə, bu vəziyyət ölkəyə idxal olunan əmtəələrin, o cümlədən bir sıra ərzaq məhsullarının qiymətlərinin artımına səbəb olur və nəticə etibarilə sosial baxımdan ən həssas əhali qruplarının rifah halına mənfi təsir göstərir.
Sərəncamda bunun beynəlxalq bazarlardakı proseslərin ölkədaxili qiymətlərə sirayət etməsinin ölkə əhalisinə, xüsusilə həssas əhali qruplarına mənfi fəsadlarını yumşaltmaq və əhalinin sosial müdafiəsini gücləndirmək məqsədi daşıdığı vurğulanır.
Nazirlər Kabinetinə tapşırılır ki: „Əməkhaqlarının, əmək pensiyalarının və sosial müavinətlərin, təqaüdlərin və digər sosial ödənişlərin məbləğlərinin artırılmasının təmin edilməsi ilə bağlı Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi layihəsində müvafiq tədbirlərin əks etdirilməsi üçün təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin“ deyə sərəncamda qeyd olunur.
Sizin brauzer HTML5-i dəstəkləmir