Azərtac-ın məlumatına görə, səfər zamanı prezident Füzuli-Ağdam avtomobil yolunun, işğal zamanı dağıdılmış Füzuli rayonunun Dövlətyarlı kəndində yeni “ağıllı kənd”in, “Azərişıq” ASC-nin Füzuli şəhərində Rəqəmsal Yarımstansiya İdarəetmə Mərkəzinin və Füzuli şəhərində ilk yaşayış binalarının təməlini qoyub.
Prezident : Bizim üçün əsas müstəqillik bayramı 28 May günüdür
İlham Əliyev Füzuli rayonunda olanda ictimayyət nümayəndələri ilə görüşüb. O, bir neçə gün əvvəl milli bayramlarla bağlı Parlamentin qəbul etdiyi dəyişikliklərə toxunub.
O, bu dəyişikliklərin tarixi həqiqətə və tarixi ədalətə tam uyğun olduğunu deyib.
"Mənim təşəbbüsümlə milli bayramlarımızla bağlı Azərbaycan Milli Məclisi düzəlişlər edib. Hesab edirəm ki, bu düzəlişlər tarixi həqiqətə və tarixi ədalətə tam uyğundur.
Azərtac-ın məlumatına görə, prezident deyib ki, bizim üçün əsas müstəqillik bayramı 28 May günüdür, Azərbaycan Xalq Cümhuriyyətinin yaranması günüdür.
"Biz bu gün müstəqil ölkə olaraq Azərbaycan Xalq Cümhuriyyətinin varisiyik. 1991-ci il oktyabrın 18-də isə müstəqillik bərpa edildi. Edilən düzəlişlər məhz bu uyğunsuzluğa son qoydu".
"kiməsə buna görə minnətdar olmaq tamamilə yersizdir"
Prezident çıxışı zamanı 18 oktyabr tarixinə də toxunub. O, 18 oktyabr gününün böyük təmtəraqla qeyd etməyin, kiməsə buna görə minnətdar olmağın tamamilə yersiz olduğunu bildirib. O fikirlərini belə əsaslandırıb:
“Sovet İttifaqı dağılırdı, Rusiya Federasiyası özü dövlət suverenliyi haqqında Konstitusiya Aktını bizdən qabaq qəbul etmişdi. Rusiya çıxdı, Ukrayna çıxdı, bütün Qafqaz respublikaları çıxdı. Azərbaycan rəhbərliyi nəyi gözləyirdi, kimi gözləyirdi? Bilirsiniz, ona görə, bu tarixi bilmədən düzgün təsəvvür formalaşdırmaq çətindir”.
“Ancaq Heydər Əliyev qoymadı ki..."
İlham Əliyev çıxışı zamanı 1991-ci ildə keçirilən referendumdan da danışıb.
O deyib ki, 1991-ci ilin yazında o vaxtkı Azərbaycan rəhbərliyi xalqın iradəsinə zidd olaraq o referendumun nəticələrini saxtalaşdıraraq Sovet İttifaqının saxlanmasına səs verdi.
“Ancaq Heydər Əliyev qoymadı ki, Naxçıvanda bu referendum keçirilsin. İndi baxın, müstəqilliyə aparan addımlar hansılardır? Müstəqilliyə aparan yollar haradan keçib?”, - deyə İlham Əliyev vurğulayıb.
9 ayda 5 faiz inkişaf...
Əliyev çıxışı zamanı ölkə iqtisadiyyatının vəziyyətinə də toxunub. O, 9 ayda Azərbaycan iqtisadiyyatı təxminən 5 faiz, qeyri-neft sənayesi isə 20 faiz artdığını bildirib.
İşğaldan azad olunan ərazilərdə aparılan və aparılacaq bərpa işlərinə toxunan dövlət başçısı deyib ki, bu işlər böyük vəsait tələb etsə də, hamısı ölkənin öz vəsaiti hesabına ediləcək:
“Mən tam əminəm ki, bütün planlarımız maksimum qısa müddət ərzində həyatda öz əksini tapacaq, Qarabağ və Şərqi Zəngəzur nəinki Azərbaycanın, dünyanın ən gözəl yerlərindən birinə çevriləcəkdir”.
İlham Əliyev işğaldan azad olunan Zəngilan, Qubadlı, Kəlbəcər və Laçının da baş planlarının hazırlandığını deyib.
1,5 milyon manat
Oktyabrın 17-də prezident həmçinin Füzuli Memorial Kompleksinin layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Sərəncamda deyilir ki, Füzuli Memorial Kompleksinin (Füzuli İşğal Muzeyi və Memorial Parkı, Füzuli Zəfər Muzeyi, Füzuli Zəfər Abidəsi və Füzuli Bayraq Meydanı) layihələndirilməsi və tikintisi məqsədilə Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulan vəsaitdən Mədəniyyət Nazirliyinə ilkin olaraq 1,5 milyon manat ayrılsın.