Avqustun 16-da Azərbaycan Prezidenti İlham Əliyev və onun xanımı Mehriban Əliyeva Kəlbəcər, Laçın rayonlarında olublar.
AZƏRTAC -ın xəbərinə görə, dövlət başçısı Toğanalı-Kəlbəcər avtomobil yolu üzərində Murovdağda inşa olunacaq tunelin təməlini qoyub, Kəlbəcər Kiçik Su Elektrik Yarımstansiyasında görülən işlərlə tanış olub. Daha sonra bildirildiyinə görə, 110/35/10 kilovoltluq “Kəlbəcər” yarımstansiyasının açılış mərasimi keçirilib.
Xəbərə görə, səfər çərçivəsində dövlət başçısı Kəlbəcər-Laçın avtomobil yolu üzərində inşa olunacaq tunelin və Laçın Beynəlxalq Hava Limanının təməlini qoyub.
Daha sonra Prezident İlham Əliyevin Kəlbəcər şəhərində çıxış etdiyi qeyd olunur
Sonra Prezident İlham Əliyevin N saylı hərbi hissədə yaradılan şəraitlə tanış olduğu deyilir.Habelə, Kəlbəcərə səfəri zamanı dövlət başçısının “İstisu” sanatoriyasında da olduğu, Kəlbəcər-Laçın rayonunun Minkənd yolunun çəkilməsi işlərinə baxdığı bildirilir.
Xatırlatma
2020-ci il sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı. 44 günlük bu müharibə, sonrakı razılaşma nəticəsində Azərbaycan Dağlıq Qarabağın bir hissəsinə və ətraf yeddi rayona (Kəlbəcər rayonu və Laçın rayonun əksər məntəqələri daxil) nəzarəti bərpa edib.Həmin il 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, həmçinin Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.
Bu müharibə Qarabağ münaqişəsindən törəyib. Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.