Prezident Oklahomanın qubernatorunu qəbul edib

Azərbaycanın prezidenti İlham Əliyev (sağ) və Oklahomanın qubernatoru Governor Con Kevin Stitt, Bakı, 27 iyul 2021

Azərbaycanın Prezidenti İlham Əliyev iyulun 27-də Amerika Birləşmiş Ştatlarının (ABŞ) Oklahoma ştatının qubernatoru Con Kevin Stittin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

AZƏRTAC-ın xəbərinə görə, görüşdə Azərbaycanla ABŞ arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyi bildirilib.Habelə, Azərbaycanın ABŞ-ın ayrı-ayrı ştatları, o cümlədən 2000-ci ilin əvvəllərindən Oklahoma ştatı ilə əməkdaşlığından məmnunluq ifadə olunub

Məlumata görə, Con Kevin Stitt Zəngilan rayonuna edəcəyi səfərinin Azərbaycanın həmin ərazilərdə icra etdiyi “yaşıl enerji” (Yaşıl enerji günəş işığı, külək, yağış, gelgit, bitki, yosun və geotermal istilik kimi təbii mənbələrdən gəlir ) və “ağıllı kənd” ( “smart village” ) layihələri ilə yaxından tanış olmağa imkan yaradacağına ümid etdiyini bildirib.
Habelə bildirildiyinə görə, Oklahoma Milli Qvardiyası ilə Azərbaycanın Müdafiə Nazirliyinin təxminən 20 ildir əməkdaşlıq etdiyi və indi bu əməkdaşlığın daha geniş tərəfdaşlıq formatına çevrildiyi vurğulanıb :

"Söhbət zamanı Oklahoma ştatı ilə kənd təsərrüfatı sahəsində əməkdaşlıq məsələlərinə toxunuldu, azərbaycanlı tələbələrin bu ştatda kənd təsərrüfatı üzrə təhsil aldıqları məmnunluqla qeyd edildi.Görüşdə əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı. "

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona (Zəngilan rayonu daxil )nəzarəti bərpa edib. Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.