Prezident İlham Əliyev Şuşadadır

İlham Əliyev işğaldan azad olunan Şuşa şəhərində, o vaxtilə atası ilə birlikdə Şuşada çəkdirdiyi fotonu göstərir. 14 yanvar 2021

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada səfərdədirlər.

Bu barədə noyabrın 7-də Prezidentin mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilir ki, dövlət başçısı Füzuli rayonunda Zəfər yolunun açılışında iştirak edib.

Bundan başqa Prezident Daşaltı kəndində məscidin, Şuşa Radio-Televiziya yayım qülləsinin, Şuşa şəhər xəstəxanasının təməllərini qoyub.

Xəbərdə deyilir ki, dövlət başçısı İlham Əliyev və Mehriban Əliyeva Heydər Əliyev Fondu tərəfindən Şuşadakı Aşağı Gövhər Ağa məscidində və Mehmandarovların malikanə kompleksində aparılan bərpa işləri ilə tanış olublar.

Sonra İlham Əliyev VIII Qlobal Bakı Forumunun iştirakçıları ilə görüşüb və daha sonra Cıdır düzündə olub.

700 min manat ilkin vəsait ayrılıb

Prezident elə həmin gün Şuşa 90 çarpayılıq mərkəzi xəstəxananın və Şuşa Radio-Televiziya Yayım Stansiyasının layihələndirilməsi və tikintisinə dövlət büdcəsindən 700 min manat ayrılması barədə sərəncam verib.

Verilən sərəncamlarda bu vəsaitin 500 min manatı Səhiyyə, 200 min maanatı isə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi üçün nəzərdə tutulub.

Xatırlatma

Birinci Qarabağ müharibəsi zamanı 1992-ci il mayın 8-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Şuşa 28 il sonra, 2020-ci il noyabrın 8-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edib.

2020-ci ildə İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Onda 10 noyabr bəyanatına (Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Bu il yanvarın 11-də də Moskvada tərəflər ikinci üçtərəfli bəyanat imzalayıblar. Həmin bəyanat isə, əsasən, regionda nəqliyyat infrastrukturunun, iqtisadi əlaqələrin bərpa və genişləndirilməsini nəzərdə tutur.

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.