Azərbaycan prezidenti venesuellalı həmkarından kömək gözləyir
“Bu gün bu balans pozulub və neftlə zəngin ölkələr böyük əziyyət çəkirlər. Bu ədalətsizlikdir və bu balans bərpa edilməlidir”.
Dövlət başçısı İlham Əliyev oktyabrın 22-də Venesuelanın prezidenti Nikolas Maduro ilə görüşündən sonra mətbuat konfransında belə deyib. Onun sözlərinə görə, artıq 2 ilə yaxındır ki, dünya bazarlarına neft ixrac edən ölkələr böyük itkilərlə üzləşiblər:
“O ölkələrin, o cümlədən, Azərbaycanın gəlirləri azalır və bu, ədalətli deyil. Bu ədalət bərpa edilməlidir”.
İlham Əliyev deyib ki, Venesuelalı həmkarı neft hasil edən bir neçə ölkəyə səfər edəcək:
“Azərbaycan öz neft hasilatını və ixracını artırmayacağını birtərəfli qaydada bəyan edir. Bu, çox məsuliyyətli bir mövqedir. Bir daha demək istəyirəm ki, biz bunu birtərəfli qaydada elan edirik. Hesab edirik ki, digər neft ölkələri bu yanaşmaya dəstək verəcəklər və onlar da öz növbəsində oxşar addımlar atacaqlar. Biz neft bazarını ancaq bu halda sabitləşdirə bilərik. Neftlə zəngin ölkələr artıq öz təbii resurslarına görə ədalətli qiyməti də alacaqlar”.
“Səmimi, açıq əməkdaşlıq olmalıdır”
İlhamƏliyev deyib ki, OPEC-ə üzv olmayan ölkələr burada çox səmimi, açıq əməkdaşlıq etməlidirlər:
“Birgə düzgün qərarlar qəbul olunmalıdır və qərarların icrası ilə bağlı çox güclü nəzarət mexanizmi işlənməlidir. Əgər bu olarsa, əminəm ki, yaxın gələcəkdə neftin qiyməti lazımi səviyyəyə qalxmalıdır. O səviyyəyə ki, həm hasilatçı ölkələri, neft kompaniyalarını, eyni zamanda, istehlakçı ölkələri də qane etsin. Yəni burada balans olmalıdır”.
Azərbaycan prezidenti hesab edir ki, balans pozulub və neftlə zəngin ölkələr böyük əziyyət çəkirlər:
“Bu ədalətsizlikdir və bu balans bərpa edilməlidir. Əminəm ki, belə olarsa, hər kəs ancaq mənfəət götürə və burada maraqlar balansı da təmin edilə bilər. Çünki artıq 2 ilə yaxındır ki, dünya bazarlarına neft ixrac edən ölkələr böyük itkilərlə üzləşiblər. O ölkələrin, o cümlədən, Azərbaycanın gəlirləri azalır və bu, ədalətli deyil. Bu ədalət bərpa edilməlidir”.
“Maduronun xüsusi missiyası var”
İlham Əliyev vurğulayıb ki, Nikolas Maduronun OPEC üzvü olan və olmayan ölkələri neftin qiymətinin qalxması istiqamətində xüsusi missiyası var:
“Mən bu missiyaya uğurlar arzulayıram”, o deyib.
İqtisadçı Natiq Cəfərli inanmır ki, Nikolas Maduronun neftin dünya bazarında qiymətinin qaldırılması üçün göstərdiyi təşəbbüs uğurla nəticələnsin:
“Çünki bu dəqiqə OPEC-in özündə ziddiyyətli fikirlər var, bəzi ölkələr neft hasilatını artırmaq istəyirlər. Amma Azərbaycan artıq istəsə də, hasilatı artıra bilməz, əksinə, hasilatda təbii olaraq, azalma gedir”.
“Prezident nefti unutmağı tövsiyə etmişdi”
Natiq Cəfərli xatırladır ki, bir il öncə neftin qiyməti düşəndən sonra İlham Əliyev çıxışlarının birində “nefti unutmağı” tövsiyə etmişdi.
Ekspert deyir ki, o vaxt dövlət başçısı yeni iqtisadi modelə keçiriləcəyini bildirmişdi:
“Ancaq görünən odur ki, Azərbaycan yenə də ümidini neftin qiymətinə bağlayıb və gündən-günə dərinləşən iqtisadi problemləri onun vasitəsilə həll etmək istəyir”, Natiq Cəfərli əlavə edir.
İki ilə yaxındır ki, Azərbaycan neftinin dünya bazarında kəskin ucuzlaşmasından sonra iqtisadi problemlərlə üz-üzə qalıb. İlk təsir manatın dollara nisbətdə məzənnəsinin 100 faizdən çox ucuzlaşmasında özünü göstərdi. Bundan sonra, ölkənin maliyyə sektorunda problemlər üzə çıxdı, onlarla bank bağlandı və hələ də bank sektorunda vəziyyət düzəlmir. Durğunluq özünü digər iqtisadi sahələrdə də göstərməyə başlayıb: onlarla xarici şirkət ölkəni tərk edib, iqtisadi inkişaf zəifləyib.
Hökumət vəziyyətdən çıxış yolu kimi kənd təsərrüfatı sektorunu inkişaf etdirməyə çalışır və bütün diqqətini hazırda bu sahəyə yönəldib.