"Əgər hər iki tərəf maraqlı olsa, biz Amerika-Azərbaycan əlaqələrini strateji səviyyəyə qaldıra bilərik". Bu fikri prezident İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində bildirib.
Birləşmiş Ştatların (ABŞ) yeni seçilən prezidenti Donald Trampın öz açıqlamaları ilə çox aydın, açıq mesajlar göndərdiyini vurğulayan Azərbaycan prezidenti daha sonra da əlavə edib: "Onların böyük əksəriyyətini Azərbaycan ictimaiyyəti bölüşür. Yəni, ona görə ümidlər böyükdür. Ona görə mən dedim ki, ümidlər var, ümidlər böyükdür. O cümlədən Amerika-Azərbaycan strateji əlaqələrinə yaxınlaşmaq da mümkün olacaq".
Xatırlatma
Prezident İ.Əliyev oxşar fikirləri dekabrın 31-dən yanvarın 1-nə keçən gecə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciətində də demişdi. Yanvarın 20-dən D.Tramp prezident səlahiyyətlərinin icrasına başlayacaq.
Son illər ABŞ-Azərbaycan münasibətlərində müəyyən narazılıqlar müşahidə edilir. ABŞ rəsmiləri, bir qayda olaraq, Azərbaycanda fundamental azadlıqlar və tənqidçilərin həbsi ilə bağlı narahatlıqlarını ifadə ediblər. Azərbaycan rəsmiləri isə belə çağırışları ölkənin daxili işlərinə qarışmaq kimi dəyərləndiriblər.
Buna da bax: Prezident: 'Ümid edirəm ki, yanvarın sonlarından...'