Prezident: 'Bu qəza çox ciddi siqnaldır'

İ.Əliyev

Bazar günü, iyulun 8-də dövlət başçısı İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin toplantısı keçirilib. AZƏRTAC toplantının mətnini bazar ertəsi axşam saatlarında yayıb. AzadlıqRadiosu orda səslənən fikriləri ixtisarla təqdim edir.

«Mən bu izahatı qəbul etmirəm»

Prezident elektrik enerjisi ilə bağlı vəziyyət barədə ayrıca danışıb. O, son 15 ildə 2500 meqavat gücündə yeni generasiya gücləri yaradıldığını xatırladıb.

«Ancaq buna baxmayaraq, baş vermiş qəza, əlbəttə, onu göstərir ki, bizim enerji təsərrüfatımızda çox böyük problemlər, qüsurlar var. Bir daha demək istəyirəm ki, bir qəzaya görə bütün enerji sistemi çökməməlidir», - İ.Əliyev söyləyib.

Prezidentin sözlərinə görə, bir lokal qəza ümumi sistemin çökməsinə gətirib çıxarmamalıdır:

***Buna da bax-Hüseyn Arabul 'Azərenerji'də qəzanı belə izah edir

«Bunun heç cür izahatı ola bilməz. Mən heç bir izahatı da qəbul etmirəm. Bu gün işləyən komissiya yaxın gələcəkdə öz rəyini verəcək. Eyni zamanda, Mingəçevirə ekspertlər qrupu ezam edilmişdir. Onlar da öz sözünü deyəcəklər. Biz qəzanın səbəblərini əlbəttə ki, tam dəqiqliyi ilə bilməliyik. Nə üçün bu qəza bütün enerji sistemimizi belə vəziyyətə qoyub?! Biz bunun cavabını alacağıq. Ancaq ilkin məlumata görə, bunun səbəbi ondan ibarətdir ki, - mən, əlbəttə, komissiyanın rəyini qabaqlamaq, məhz buna görə bu məsələ ilə bağlı öz fikrimi bildirmək istəmirəm, - hətta son illər ərzində istifadəyə verilmiş stansiyalar da tam gücü ilə işləmir. Bunun səbəbi araşdırılmalıdır. Çox güman ki, bunların istismar dövründə səhvlər buraxılıb».

İlham Əliyev deyib ki, bu qəza çox ciddi bir siqnaldır. O, enerji sistemində struktur islahatları ilə bağlı işlər aparılacağını da vurğulayıb:

«Artıq göstəriş verilib, həm Bakıda, həm bölgələrdə bu il və gələn il yeni yarımstansiyaların tikintisi təmin ediləcək. Vaxtilə, sovet dönəmində tikilmiş enerji təsərrüfatının müasirləşdirilməsi üçün əlavə vəsait ayrılır. Biz vəsaiti ayırırıq, amma əsas məsələ ondadır ki, bu vəsaitdən səmərəli şəkildə istifadə edilsin və elə bir sistem qurulsun ki, enerji dayanıqlılığı təmin olunsun».

Sizin brauzer HTML5-i dəstəkləmir

5 milyard dollar qoyuldu – enerji bir gecədə kəsildi: ekspertlər sirli enerji problemini izah edir

Qazlaşdırma, məktəb tikintisi, yollar, turizm...

Ölkə başçısı başqa infrastruktur layihələrindən də danışıb. O, bu ilin sonunadək qazlaşdırmanın 95 faizə çatacağını xatırladıb. İçməli su layihələrinin icrasının, avtomobil yollarının tikintisinin davam etdiyini qeyd edib:

«Bu il plana görə, 2 min kilometr yeni avtomobil yolu salınmalıdır və minimum 600 kənd yeni yollarla təmin edilməlidir. Deyə bilərəm ki, yol infrastrukturunun səviyyəsinə görə Davos Dünya İqtisadi Forumunun hesablamalarına əsasən, Azərbaycan dünyada 36-cı yerdədir. Yəni, bunu deyirəm ki, ictimaiyyət də bilsin, bu sahəyə böyük investisiyalar qoyulub və qoyulacaqdır».

***Buna da bax-Vahid Əhmədov: 'Mingəçevir İES-də əvvəllər də problem olub'

İ.Əliyev bu il 137 modul tipli məktəbin tikiləcəyini, Bakıda 12 məktəbin əsaslı təmir ediləcəyini, 6 xəstəxana istifadəyə veriləcəyini, 2 Olimpiya İdman Mərkəzinin açılacağını, 4000 məcburi köçkün ailəsinin yeni evlərlə təmin olunacağını bildirib.

Ölkə başçısı sənaye parklarında rezidentlərin sayının 50-yə yaxınlaşdığını qeyd edib:

«Bu gün bu parklarda icra edilmiş və icra ediləcək layihələrin ümumi dəyəri 3.6 milyard dollardır. Bax, investisiya təşviqi sənədi 2.5 milyard manat sərmayə gətirir, sənaye parklarına isə 3.6 milyard dollar sərmayə qoyuluşu nəzərdə tutulur. Ondan 2.6 milyard dolları artıq qoyulub».

Prezident turizm sektorunun prioritetlər sırasında olduğunu da deyib. O, turistlərin sayının 2016-cı ildə 22 faiz, 2017-ci ildə 20 faiz, bu ilin 6 ayında isə 10 faiz artdığını söyləyib.

İ.Əliyev bu ilin 6 ayında xarici vətəndaşların Azərbaycanda yalnız bank kartları ilə 513 milyon manat pul xərclədiklərini və bunun ötən ildən 21 faiz çox olduğunu bildirib.

Sizin brauzer HTML5-i dəstəkləmir

Korrupsiya pulları deyincə hansı pullar nəzərdə tutulur?

«Korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizə daha ciddi aparılmalıdır»

Prezident belə deyib və əlavə edib ki, apreldə formalaşmış yeni hökumət qarşısında bu vəzifə «çox kəskin» qoyulub:

«Azərbaycanda bu böyük sosial bəlanın kökü kəsilməlidir. Bunu etmək üçün də imkanlar var. Həm güclü siyasi iradə, həm də indi bizim institusional mexanizmlərimiz var. Ən önəmlisi, kadr islahatı aparılır və aparılacaq. Hansı dövlət məmurları bu meyarlara uyğun gəlməyəcəklərsə, onlar işdən çıxarılacaqlar və bunu bütün dövlət məmurları bilsinlər».

***Buna da bax-Azəbaycan zənginlərinin adları 'Dubay əmlakı' araşdırmasında

İ.Əliyev korrupsiya ilə mübarizədə bəzi hallarda inzibati cəza tədbirlərinin işləmədiyini bildirib. Buna görə də «ən ciddi beynəlxalq təcrübə tətbiq edilməlidir» deyə əlavə edib:

«Dünyanın aparıcı ölkələrində bu sahədə hansı yollarla mübarizə aparılırsa, Azərbaycanda da həmin yollarla mübarizə aparılmalıdır. Əlbəttə ki, dövlət xərclərinə nəzarət gücləndirilməlidir. Müvafiq nazirliklərə göstəriş verilib, indi islahatlar aparılır və bütün dövlət qurumlarının rəhbərləri bunu bilsinlər və mənim tapşırıqlarıma əməl etsinlər».

Prezident həmçinin, islahatların dərinləşdirilməsindən, bəzi sahələrdə şəffaflığın təmin edilməsinin zərurətindən də danışıb.

İyulun 3-də Azərbaycanda elektrik enerjisi böhranı yaşanıb. Mingəçevirdə İES-də baş verən qəza nəticəsində ölkə təxminən bir sutka elektriksiz qalıb. Yerli mütəxəssislər bunu səhlənkarlıq, məsuliyyətsizlik və korrupsiya ilə bağlayırlar.

Prezident korrupsiyanın kökünü kəsmək haqda hələ 2011-ci ildən danışır. Amma beynəlxalq qurumların hesabatlarında ölkə korrupsiya ilə mübarizədə sonuncu yerlərdə dayanır.