Prezident: 'Mümkün olan işlər maksimum görülüb'

İ.Əliyev

«Son illər Azərbaycanda uğurlu inkişaf davam etdirilib, sosial-inkişafla bağlı çoxsaylı proqramlar həyata keçirilib».

Azərbaycan prezidenti İlham Əliyev bunu Rusiyanın TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmanla müsahibəsində bildirib.

Perspektiv: Siyasi islahatlar

Dövlət başçısı deyib ki, siyasi sahədə islahatlar aparılacaq: «Mən dəfələrlə açıq bəyan etmişəm ki, siyasi sistemdə islahatlar aparılmadan iqtisadi sahədə davamlı inkişafa nail olmaq mümkün deyil. Son dövrdə bu istiqamətdə çox iş görülüb. Azərbaycan dünya üçün açıq ölkədir. Ölkəmizdə bütün demokratik təsisatlar mövcuddur, mətbuat azadlığı tam təmin edilir. Azərbaycan internetin azad olduğu ölkədir. İnternet istifadəçilərinin sayı artır və əhalinin təxminən 80 faizinə yaxınlaşır».

Sizin brauzer HTML5-i dəstəkləmir

İlham Əliyevdən hansı problemlərin həllini gözləyirsiz?

«Siyasi azadlıqlar təmin edilir»

Dövlət başçısı müsahibəsində iddia edib ki, ölkədə toplaşma, siyasi fəaliyyət azadlığı da tam təmin edilir: «Biz siyasi islahatların və nailiyyətlərin səviyyəsini çox sağlam düşüncə ilə qiymətləndiririk. Hesab edirik ki, müstəqilliyin 26 ili ərzində bizim tariximiz, Azərbaycanın gənc müstəqil dövlət kimi təşəkkülü, ölkəmizin coğrafi yerləşməsi və bizim regionda mövcud olan risklər nəzərə alınmaqla mümkün olan maksimum işlər görülüb».

«İqtisadi müstəqillik siyasi müstəqilliyin əsasıdır»

Dövlət başçısı deyib ki, siyasi müstəqilliyin əsasını iqtisadi müstəqillik təmin edir. Bu sahədə fəaliyyət əsas istiqamətlərdən biri olub: «Buna görə də bu, bizim fəaliyyətimizin başlıca istiqaməti olub. Bu gün Azərbaycan iqtisadi baxımdan özünü tamamilə təmin edən və heç bir iqtisadi çətinliyi olmayan ölkədir».

Prezident daha sonra bir neçə rəqəm üzərində dayanıb: «Son 15 ildə Azərbaycan iqtisadiyyatı 3.2 dəfə artıb. Zənnimcə, bu, dünya rekordudur. Bu gün xarici borc ümumi daxili məhsulun təxminən 20 faizinə bərabərdir. Mən qarşıdakı illərdə bu borcun xeyli azaldılması barədə göstərişlər vermişəm».

İ.Əliyev son 15 ildə Azərbaycan iqtisadiyyatına 230 milyard dollardan artıq sərmayə qoyulduğunu və bunun yarısının xarici sərmayələr olduğunu bildirib.

Bununla yanaşı, dövlət başçısı hesab edib ki, iqtisadiyyatın şaxələndirilməsi siyasətinin davam etdirilməsi, neft-qaz amilindən müəyyən dərəcədə asılılığın azaldılması prioritet olaraq qalır.