Azərbaycan-Ukrayna sənədləri imzalanıb -prezidentlərin dedikləri...

İ.Əliyev və V.Zelenski

Yanvarın 14-də Ukraynada işgüzar səfərdə olan Azərbaycan prezidenti İlham Əliyev və bu ölkənin prezidenti Volodimir Zelenski sənədlərin imzalanması mərasimindən sonra mətbuata bəyanatlar veriblər.

AZƏRTAC-ın xəbərinə görə, Prezident İlham Əliyev deyib ki, Ukrayna və Azərbaycan hər zaman bir-birini dəstəkləyiblər:

“Hər zaman bir-birinin müstəqilliyini, ərazi bütövlüyünü, suverenliyini dəstəkləmişlər və bu dəstək bu gün birgə imzaladığımız Birgə Bəyannamədə də öz əksini tapır.”

O, əlavə edib ki, ənənəvi əməkdaşlıq sahəsi olan energetika sahəsində yeni planlar var:

“Azərbaycan Dövlət Neft Şirkəti – SOCAR Ukraynada öz fəaliyyətini genişləndirmək əzmindədir və şadam ki, Ukrayna tərəfi də bunu dəstəkləyir. Hazırda SOCAR-ın Ukraynada geniş yanacaqdoldurma stansiyalarından ibarət şəbəkəsi var və əlbəttə ki, neft və neft məhsullarının ixracı və emalı ilə bağlı yeni addımların atılması bizim əməkdaşlığımızı daha da dərinləşdirəcək”.

Onun vurğulamasına görə, iki ölkənin ticarət dövriyyəsi pandemiyaya baxmayaraq, keçən il 20 faizdən çox artıb:

“Mən ümid edirəm ki, yaxın gələcəkdə 1 milyard dollar səviyyəsinə çatacaq, bəlkə də ondan çox.”

Sonra Ukrayna dövlətinin başçısı Volodimir Zelinski bəyanat səsləndirib. O, da birgə bəyanat imzalamaqlarına toxunub:

“Bunun sayəsində suverenlik və ərazi bütövlüyü məsələlərində ölkələrimiz arasında dəstək verəcəyik, bizim beynəlxalq səviyyədə müəyyən edilmiş sərhədlərimizin qorunması üçün çalışacağıq. O cümlədən biz təhlükəsizlik məsələləri - Xəzər və Qara dəniz hövzələrində təhlükəsizlik məsələləri ilə məşğul olacağıq, terrorçuluğa qarşı birgə mübarizə aparacağıq…”

Ukrayna Prezidenti deyib ki, bu ilin birinci yarısında hökumətlərarası birgə iqtisadi komissiyanın növbəti iclasının keçirilməsi ilə bağlı razılığa gəlinib. O, niyyət də dilə gətirib:

“… Aviasiya sahəsində istərdik əməkdaşlığımız genişlənsin. Bir sıra təşəbbüsləri irəli sürmüşük. Tutaq ki, nəqliyyat dəhlizlərinin GUAM çərçivəsində daha da genişləndirilməsində iştirak etməliyik. Burada Azərbaycan, Gürcüstan, Moldova və Ukrayna var, bildiyiniz kimi, bu əlaqələr genişlənməlidir. Kənd təsərrüfatı sahəsinə gəldikdə, biz əməkdaşlıq üzrə razılığa gəlmişik. Daha sonra titanın istehsalı sahəsində müzakirələr aparmışıq...”

***

Yanvarın 14-də Kiyevdə geniş tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Ukrayna Prezidenti Volodimir Zelenskinin iştirakı ilə Azərbaycan-Ukrayna sənədlərinin imzalanması mərasimi olub.

Ukrayna Nazirlər Kabineti ilə Azərbaycan Hökuməti arasında "Qida təhlükəsizliyi sahəsində əməkdaşlıq haqqında" Sazişə qol çəkilib. Habelə, "İkitərəfli ticarətdə təcili əməkdaşlıq haqqında" Anlaşma Memorandumu da imzalanıb. İmzalanan sənədlərə "Aqrar sahədə əməkdaşlıq haqqında", "Energetika sahəsində əməkdaşlıq haqqında" və "Torpaq münasibətləri, dövlət torpaqlarının idarə edilməsi və dövlət torpaq kadastrı sahəsində əməkdaşlıq haqqında" Anlaşma memorandumları da daxildir.

Prezidentlər əvvəlcə Birgə Bəyannamə imzalayıblar.

İlham Əliyev Ukraynaya gedib

Yanvarın 14-də Azərbaycan Prezidenti İlham Əliyev Ukraynaya işgüzar səfərə edib. Səfər Ukrayna Prezidenti Volodimir Zelenskinin dəvəti ilə gerçəkləşib.

AZƏRTAC-ın xəbərinə görə, Kiyevin Borispol Beynəlxalq Hava Limanında İ.Əliyevi Ukrayna Xarici Işlər nazirinin birinci müavini Əminə Caparova və digər rəsmi şəxslər qarşılayıblar.

Prezident İ.Əliyevin Ukrayna prezidenti, habelə digər rəsmi şəxslərlə görüşü və orada ikitərəfli əməkdaşlıqla bağlı bir sıra məsələlərə dair müzakirələrin aparılacağı gözlənir.