Əliyev: 'Demokratik inkişafla bağlı yeni addımlar atılacaq'

İlham Əliyev

«...Azərbaycan, onun gənc müstəqilliyi təhlükə altında idi. O vaxt hakimiyyəti 1992-ci ildə qanunsuz şəkildə zəbt etmiş AXC-Müsavat cütlüyü ölkəmizi uçuruma aparırdı. Azərbaycanda iqtisadi tənəzzül, sənayenin iflic vəziyyətə düşməsi, siyasi, iqtisadi, ondan sonra da hərbi böhran demək olar ki, müstəqilliyimizi şübhə altına alırdı».

AZƏRTAC-ın xəbərinə görə, prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VI qurultayındakı çıxışında belə deyib.

Prezident həmin illərdə YAP-çıların Bakıda toplanmasına imkan verilmədiyini bildirib.

Bakıda YAP-a qurultay keçirməyə imkan verilməməsi...

«Azərbaycan ictimaiyyəti də bilir ki, o vaxt hakimiyyət imkan verməmişdi ki, partiyamızın qurultayı Bakıda keçirilsin. Fəallar, vətənpərvər insanlar Naxçıvana gəldi və Heydər Əliyevin sədrliyi ilə partiyamızın yaradılması haqqında bəyanat verildi», - deyən İ.Əliyev vurğulayıb ki, ondan bir neçə ay sonra xalqın tələbi ilə H.Əliyev hakimiyyətə gəlib, ölkə məhz həmin vaxt inkişaf yoluna qədəm qoyub.

***Buna da bax-N.Məmmədov: 'Yeddi ilin memarı İlham Əliyev olmalıdır'

Prezident deyib ki, 1993-cü ildən başlayaraq Azərbaycan uğurlu inkişaf yolu ilə gedir . O, 2003-cü ildən indiyə kimi keçən dövr haqqında geniş danışıb.

Prezident daxili siyasətlə bağlı aparılan kursun özünü tam doğrultduğunu, Azərbaycanda sabitliyin mövcud olduğunu bildirib.

«...Söz, mətbuat, sərbəst toplaşma azadlığı tam təmin edilir»

«Ölkəmizdə ictimai asayiş qorunur, kriminogen durum çox müsbətdir, Azərbaycan dünyanın ən təhlükəsiz ölkələrindən biridir. Bunu Azərbaycan vətəndaşları yaxşı bilirlər, ölkəmizə gələn çoxsaylı turistlər görürlər. Təhlükəsizlik və sabitlik bizi fərqləndirən müsbət amillərdir. Ölkəmizdə, eyni zamanda, bütün azadlıqlar təmin edilir və edilməlidir. Gələcək illərdə də demokratik inkişafla bağlı yeni addımlar atılacaq, siyasi islahatlar davam etdiriləcək. Son illər ərzində bu istiqamətdə gözəl nəticələr əldə edilib və bu, daimi prosesdir. Biz çalışmalıyıq ki, dünyanın demokratik baxımdan ən inkişaf etmiş ölkələrinin standartlarına yaxınlaşaq və bunu edəcəyik. Bu gün də vəziyyət çox yaxşıdır, müsbətdir. Bütün azadlıqlar - söz, mətbuat, sərbəst toplaşma azadlığı tam təmin edilir və ediləcək», - İ.Əliyev bildirib.

Yeni Azərbaycan Partiyasının (YAP) VI qurultayı

Azərbaycanda vicdan azadlığının təmin edilməsindən, multikulturalizmin həyat tərzinə çevrilməsindən bəhs edən ölkə başçısı xarici siyasətlə bağlı aparılan xəttin də özünü tam doğrultduğunu vurğulayıb:

«Biz bundan sonra da beynəlxalq arenadakı rolumuzu fəal aparacağıq. Bizim bütün ölkələrlə qarşılıqlı hörmət və biri-birinin işinə qarışmamaq şərti ilə münasibətlərimiz qurulub. Bu münasibətləri biz möhkəmləndirəcəyik. Qonşu dövlətlərlə əlaqələrimiz daha da yüksək pilləyə qalxacaq».

***Buna da bax-Seçki təqvim planı: Namizəd 2 həftəyə 60 dairədən 40 min imza toplamalıdır... [video]

Prezident Avropa ölkələri ilə yaxın münasibətlərin olduğunu, Avropa İttifaqı ilə yeni saziş üzərində danışıqların aparıldığını bildirib.

Dağlıq Qarabağ münaqişəsi...

İ.Əliyev Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə də toxunub.

«Avropada separatizm meylləri artır. Avropa da görür ki, separatizm nə dərəcədə təhlükəli meyldir. Biz isə təcavüzkar separatizmlə üzləşmişik. Ona görə bütövlükdə münaqişələrlə bağlı dünyada gedən proseslər, yanaşma bizim mövqeyimizi daha da möhkəmləndirib», - deyən ölkə başçısı vurğulayıb ki, Dağlıq Qarabağ münaqişəsi ərazi bütövlüyü çərçivəsində həllini tapmalıdır.

Ermənistandakı duruma toxunan İ.Əliyev vurğulayıb ki, bu ölkə öz işğalçılıq siyasətinin girovuna, qurbanına çevrilib.

«Biz onları demək olar ki, bütün beynəlxalq layihələrdən təcrid etmişik. Bütün enerji və nəqliyyat xətləri onlardan yan keçir. Bunu biz etmişik. Baxmayaraq ki, bu, o qədər də asan məsələ deyildi», - deyən İ.Əliyev təcrid siyasətinin davam edəcəyini vurğulayıb.

YAP İlham Əliyevin prezidentliyə namizədliyini irəli sürüb

Ölkə başçısı onu da vurğulayıb ki, tarixi torpaqlar da unudulmamalıdır:

“Bu da gələcək fəaliyyətimiz üçün istiqamət olmalıdır. Necə ki, biz bu gün də bu istiqamətdə iş görürük. Bizim tarixi torpaqlarımız İrəvan xanlığıdır Zəngəzur, Göyçə mahallarıdır (İndiki Ermənistan əraziləri-red). Bunu gənc nəsil də, dünya da bilməlidir. Mən şadam ki, bu məsələ ilə bağlı - bizim əzəli torpaqlarımızın tarixi ilə bağlı indi sanballı elmi əsərlər yaradılır, filmlər çəkilir, sərgilər təşkil olunur. Biz növbəti illərdə bu istiqamətdə daha fəal olmalıyıq və dünyanın müxtəlif yerlərində sərgilər, təqdimatlar keçirilməlidir. Çünki İrəvan (Yerevan - red) bizim tarixi torpağımızdır və biz azərbaycanlılar bu tarixi torpaqlara qayıtmalıyıq. Bu, bizim siyasi və strateji hədəfimizdir. Biz tədricən bu hədəfə yaxınlaşmalıyıq”.

«Elə işləməlidirlər ki, sanki bizdə neft amili yoxdur»

İ.Əliyev islahatlardan da bəhs edib:

«Neftin qiymətinin artması, sadəcə olaraq, bizim valyuta ehtiyatlarımızı artıracaq. Ancaq bütün hökumət qurumları elə işləməlidirlər ki, sanki bizdə neft amili yoxdur. Ona görə biz gələcək iqtisadi inkişafımızı qeyri-neft sektorunun inkişafında görürük».

***Buna da bax-Qəfil prezident seçkisi keçirməkdə məqsəd nədir? [versiyalar]

Prezident çıxışının sonunda da vurğulayıb ki, 1993-cü ilə qədər Azərbaycanın müstəqilliyi şərti və yarımçıq xarakter daşıyıb:

«Xarici ölkələr, onların Azərbaycandakı nümayəndələri burada hakimiyyətə göstərişlər, təlimatlar verirdi. Əlbəttə ki, bu, tariximizin bəlkə də ən biabırçı səhifələrindən biridir».

Xatırlatma

Bu gün, fevralın 8-də hakim Yeni Azərbaycan Partiyasının (YAP) VI qurultayı keçirilib.

Qurultayda İ.Əliyev 2018-ci il aprelin 11-də keçiriləcək növbədənkənar prezident seçkisində YAP-ın namizədi elan edilib.

Bu il fevralın 5-də dövlət başçısı İ.Əliyev növbədənkənar prezident seçkisinin elan edilməsi haqqında sərəncam imzalayıb.

Fevralın 6-da isə MSK növbədənkənar prezident seçkisinin aprelin 11-də keçirilməsi ilə bağlı qərar verib.

Azərbaycanda bu sərəncama qədər prezident seçkisinin, qanunvericiliyə uyğun olaraq, bu ilin oktyabrında keçirilməsi nəzərdə tutulurdu.