İlham Hüseyn: 'Çörək alıb qayıdanda üç nəfər yaxınlaşdı ki...'

İlham Hüseyn

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Rəyasət Heyətinin üzvü İlham Hüseyn deyir ki, 36 yaşı var, indiyə qədər nə siqaretin, nə də spirtli içkinin dadını bilir.

"Şərləmə də iki cür olur - bir var, ədalətli şərləmə, bir də var, ədalətsiz. Bu çox ədalətsiz şərləmədir", - İlham Hüseyn oktyabrın 26-da məhkəmədə belə deyib.

Bu gün, oktyabrın 26-da Bakı Apellyasiya Məhkəməsində onun 60 günlük həbsi barədə Sabunçu rayon Məhkəməsinin qərarından verilən şikayətə baxılıb.

Buna da bax: Milli Şuranın Bakıda etiraz aksiyası- Əli Kərimli azadlığa buraxılıb, başında xəsarətlər var...

Məhkəmədə İlham Hüseynin vəkili deyib ki, onu oktyabrın 16-da səhər saat 9 radələrində evinə çörək alıb gələrkən üç nəfər mülki geyimli şəxs saxlayıb. Vəkilin sözlərinə görə, İ.Hüseyni Sabunçu rayon 12-ci Polis Bölməsinə aparıb, saat 16.00 radələrinə qədər orada saxlayıblar:

"Daha sonra onu məcburi şəkildə Narkoloji Mərkəzə aparıb, qanından heroin tapılması barədə rəy alıblar. Halbuki, narkoloji müayinə üçün mütləq şəxsin özünün yazılı razılığı olmalıdır. Yoxdur belə razılıq. İlham Hüseynə ailəsilə əlaqə saxlamağa, vəkilini çağırmağa imkan verməyiblər".

Vəkil vəsatət verib ki, İlham Hüseynin saxlandığı ərazidəki təhlükəsizlik kameralarının görüntülərinə baxış keçirilsin. Vəsatət təmin edilməyib.

"Milli Şura 19 oktyabra mitinq təyin etmişdi. İlham Hüseyn də mitinqin təşkilatçılarından biri idi. Oktyabrın 15-dən təşkilatçıları, AXCP fəallarını həbs eləməyə başlamışdılar. İlhamı da oktyabrın 16-da həbs ediblər", - vəkil vurğulayıb.

İlham Hüseyn özü qısa danışıb. Deyib ki, mitinq öncəsi həbs olunacağını gözləyirdi:

"Səhər çörək alıb gələndə üç nəfər yaxınlaşdı ki, guya Əhəd adlı adamı axtarırlar. Dedim ki, mən uşaq deyiləm..."

Bakı Apellyasiya Məhkəməsinin hakimi Əflatun Qasımov şikayəti təmin etməyib.

İlham Hüseyn bildirib ki, qərardan Avropa İnsan Haqları Məhkəməsinə şikayət göndərəcək.

İlham Hüseyn oktyabrın 16-da saxlanıb. Onun narkotik ilə yanaşı, həm də saxlanılarkən polisə müqavimət göstərməkdə suçlandığı bildirilir. O, Sabunçu Rayon Məhkəməsinin qərarıyla 60 gün inzibati həbs cəzası alıb.

Sizin brauzer HTML5-i dəstəkləmir

Ramiz Mehdiyev işdən çıxarıldı- Ölkədə nələr dəyişir?

Xatırlatma

Milli Şura oktyabrın 19-da Bakıda etiraz aksiyası keçirməyə cəhdlər göstərib. Həmin aksiya Bakı şəhər İcra Hakimiyyəti (BŞİH) ilə razılaşdırılmayıb. Polis aksiyanın qarşısını alıb, onlarla şəxs saxlanıb. Sonradan onlardan 30-dan çoxuna inzibati həbs cəzası verildiyi açıqlanıb.

Aksiya öncəsi Bakı metrosunun 3 stansiyasına giriş qapadılıb, şəhərin mərkəzində internetdə kəsintilər yaranıb.

Milli Şura bu aksiyanın keçirilməsindən ötrü BŞİH-ə şəhərin mərkəzinə yaxın 3 yer təklif etmişdi. Amma BŞİH bu yerlərin heç birini münasib saymayaraq, Milli Şuraya Bakının mərkəzindən kənar Lökbatan qəsəbəsini təklif etmişdi. BŞİH Milli Şuranın təklif etdiyi yerləri münasib saymamasını, əsasən həmin ərazilərdə nəqliyyatın sıxlığı və təhlükəsizlik amili ilə izah etmişdi.

Bundan sonra, Milli Şura rəhbərliyi bu cavabla Konstitusiya ilə onlara verilən sərbəst toplaşmaq azadlığının pozulduğunu bildirərək razılaşdırılmamış aksiyaya qərar vermişdilər.

Bakı şəhər Baş Polis İdarəsi də bəyan etmişdi ki, icazəsiz aksiyanın qarşısı alınacaq.

Aksiya ərafəsində də fəallardan saxlanıb, həbs edilənlər olub. Onlar müxtəlif ittihamlarla üzləşiblər.