İlkin Rüstəmzadəyə təzminat ödənəcək

Sizin brauzer HTML5-i dəstəkləmir

İlkin Rüstəmzadə 6 illik məhbus həyatı və dostları ilə münasibətini AzadlıqRadiosu ilə bölüşür

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) fevralın 23-də Azərbaycandan göndərilən bir sıra şikayətlər üzrə qərarlarını açıqlayıb. Qərarlardan biri "Əsgər ölümlərinə son!" aksiyalarının ardınca 2013-cü ildə həbs olunan İlkin Rüstəmzadənin azadlıqdan məhrum edilməsi ilə bağlıdır.

Hüquqşünas Xalid Ağalıyevin AzadlıqRadiosuna verdiyi məlumata görə, məhkəmə fəalın ədalətli məhkəmə araşdırması və ifadə azadlığı hüququnun pozulması ilə bağlı qərar qəbul edib. Məhkəmənin qərarına görə, hökumət ərizəçiyə ümumilikdə 14 min 500 avro təzminat ödəməlidir.

Şikayətə görə, ərizəçi 2013-cü ildə "Harlem Shake" rəqsinin çəkilişində iştirak edib və videonu Youtube-a yükləməsi ilə bağlı xuliqanlıqda ittiham olunub. Həmin hadisələrin ardınca o, daha bir neçə fəalla xuliqanlıq, kütləvi iğtişaşların təşkilinə hazırlıq kimi əməllərdə təqsirli bilinərək 8 il azadlıqdan məhrum edilmişdi.

"Qərara əsasən, hökumət Rüstəmzadəyə mənəvi zərər əvəzi 12 min avro, xərc və məsrəflərə görə 2 min 500 avro ödəməlidir", -Ağalıyev vurğulayıb.

AİHM fevralın 23-də Azərbaycanda birləşmək hüququnun pozulması ilə bağlı da bir sıra qərarlar qəbul edib. Həmin qərarlar da daxil, Azərbaycan hökuməti ümumilikdə 30 min avrodan çox təzminat ödəməlidir.

Hələlik, qərarlara Azərbaycan rəsmilərindən münasibət almaq mümkün olmayıb.

Birinci qərar

Bu, AİHM-nin İlkin Rüstəmzadə ilə bağlı ikinci qərarıdır. Bundan öncə, 2019-cu ildə AİHM Rüstəmzadənin 2013-cü ildə qaldırılan cinayət işi çərçivəsində barəsində seçilən həbs-qətimkan tədbiri və həbsdə saxlanma müddətinin uzadılmasından verdiyi şikayəti üzrə qərar elan etmişdi. Məhkəmə Avropa İnsan Hüquqları Konvensiyasının 5.1-ci (azadlıq və toxunulmazlıq hüququ) maddəsinin pozuntusu tanıyıb, mənəvi zərərə görə 20 min avro, məhkəmə xərclərinə görə 2 min 500 avro kompensasiya müəyyən edib.

İkinci işin mahiyyəti

2014-cü il mayın 6-da Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə NİDA Vətəndaş Hərəkatı fəalları İlkin Rüstəmzadə 8, Zaur Qurbanlı 8, Rəşadət Axundov 8, Rəşad Həsənov 7 il 6 ay, Bəxtiyar Quliyev 7, Məmməd Əzizov 7 il 6 ay, Üzeyir Məmmədli 7 il və Şahin Novruzlu 6 il həbs cəzası alıblar. Onlar Cinayət Məcəlləsinin 234.1 (qanunsuz olaraq narkotik vasitələri əldə etmə) 228.1-ci (... silah, partlayıcı maddələr və qurğular əldə etmə) və 220. 1 (zorakılıqların, talanların, yanğınların törədilməsi və əmlakın məhv edilməsi ilə müşayiət olunan kütləvi iğtişaşları təşkil etmə) maddələri ilə ittiham olunublar. AİHM şikayətlər ilə bağlı kommunikasiyaya başladığı zaman, Rüstəmzadə istisna olmaqla, onların hamısı əfv sərəncamı ilə azadlığa çıxıb. 8 il azadlıqdan məhrum olunan Rüstəmzadə 6 il həbsdə qalıb. "Amnesty International" bu fəalları "vicdan məhbusu" kimi tanıyıb.

Gənclərin bəzilərinə bəraət verilib

2021-ci il noyabrın 19-da Azərbaycan Ali Məhkəməsinin Plenumu NİDA-çıların işi üzrə məhkum olunmuş şəxslərdən dörd nəfərə bəraət verilməsi barədə qərar qəbul edib. Qərarda onlara ümumilikdə 188 min manat kompensasiya ödənilməsi də yer alıb. Bu qərar R.Axundov, R.Həsənov, Ü.Məmmədli və Z.Qurbanlı ilə bağlı olub.

Avropa Şurası Nazirlər Komitəsi (AŞ NK) hələ 2020-ci il martın 5-də, bu dörd nəfər də daxil, səkkiz ictimai-siyasi fəalın işinə yenidən baxılması üçün Azərbaycana çağırış etmişdi.