Dünyanın ən zəngin adamı olan İlon Mask Twitter sosial şəbəkəsinə malik şirkəti alıb.
O aprelin 25-də bu barədə razılaşma əldə olunduğunu yazıb. Twitter korporasiyası da bu xəbəri təsdiq edib.
Şirkətin Maska 44 milyard dollara satıldığı xəbər verilir. Direktorlar şurası bu barədə qərarı yekdilliklə qəbul edib.
Alqı-satqı aktının 2022-ci ilin sonunadək yekunlaşdırılacağı gözlənilir.
Bu razılaşma haqqında elə Twitter-də yazan Mask bildirir ki, onun hətta “ən qatı düşmənləri” belə bu sosial şəbəkənin iştirakçısı olaraq qalacaqlar, çünki “söz azadlığı elə bu deməkdir”.
Amerika istifadəçilərinin bir qismi bu sövdələşməyə qarşı çıxır və Maskı tənqid edirdilər.
Onlar bildirirdilər ki, sosial şəbəkənin bir nəfər tərəfindən alınması onun platformasında müxtəlif ictimai və siyasi qruplara qarşı nifrətin qızışdırılmasına meydan açacaq.
Aprelin 4-də xəbər verilmişdi ki, Mask Twitter-ə aid səhmlərin onda birini alaraq şirkətin ən böyük səhmdarına çevrilib.
Elə həmin gün Twitter səhmlərinin qiyməti 9.2 faiz artmışdı.