Oktyabrın 19-da saxlanılan maide.az saytının əməkdaşları, Azərbaycan Ruhanilər Birliyinin üzvləri Cəlal Şəfiyev, Qadir Məmmədov və Təmkin Cəfərovun sərbəst buraxıldığı bildirilir.
Bu bərədə onların yaxınları məlumat verib. Onların sözlərinə görə, Birliyin üzvlərini Dövlət Təhlükəsizliyi Xidməti (DTX) istintaqa cəlb edib, lakin özlərinə məsələnin detalları barədə məlumat verilməyib.
Məsələ ilə bağlı həmin şəxslərin özləri və DTX-dan münasibət öyrənmək mümkün olmayıb.
Sərdar Babayev həbs edilib
Oktyabrın 19-da saxlanan Azərbaycan Ruhanilər Birliyinin üzvü, maide.az saytının baş redaktoru, ilahiyyatçı Sərdar Babayev barəsində həbs-qətimkan tədbiri seçilib.
Bu barədə vəkil Cavad Cavadov məlumat verib. Onun sözlərinə görə, S.Babayevə qarşı Cinayət Məcəlləsinin 274-cü (Dövlətə xəyanət) maddəsi ilə cinayət işi açılıb. Vəkilin vurğulamasına görə, istintaq orqanın təqdimatına əsasən Səbail Rayon Məhkəməsinin qərarı ilə onun barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.
Ruhanilər Birliyindən saxlananlar var
Oktyabrın 19-da Azərbaycan Ruhanilər Məclisinin üzvləri - Sərdar Babayev, Cəlal Şəfiyev, Qadir Məmmədov və Təmkin Cəfərovun saxlanıldığı bildirilir. Onların hamısının maide.az saytının əməkdaşları olduğu da deyilir. (Sərdar Babayev redaktorudur)
Həmin şəxslərin yaxınları bildirib ki, onları dünən, oktyabrın 19-da saat 16:17 radələrində Dövlət Təhlükəsizliyi Xidməti (DTX) əməkdaşları saxlayıb, evlərində axtarış aparılıb: "Kompüterlər və telefonlar götürülüb. Səhər saatlarında Cəlal Şəfiyevi və Qadir Məmmədovu sərbəst buraxsalar da, bir neçə saat sonra onları yenidən saxlayıblar".
Bu deyilənlərlə bağlı Dövlət Təhlükəsizliyi Xidmətindən münasibət öyrənmək mümkün olmayıb.
Oktyabrın 19-da ilahiyyatçı, Dini Etiqad və Vicdan Azadlıqlarının Müdafiə Mərkəzinin sədri İlqar İbrahimoğlunun da saxlandığı açıqlanmışdı. Amma gecə saatlarında o, Dövlət Təhlükəsizliyi Xidmətində şahid qismində dindirildikdən sonra sərbəst buraxıldığını açıqlayıb.
Xatırlatma
Azərbaycan Ruhanilər Birliyinin üzvü, maide.az saytının baş redaktoru Sərdar Hacıhəsənli (Babayev) ötən ilin fevralında həbs müddəti başa çatdıqdan sonra sərbəst buraxılmışdı. O, 2017-ci ildə 3 il həbs cəzası almışdı. Ona Cinayət Məcəlləsinin 168.1-ci (dini ayinlər adı altında insanların hüquqlarına qəsd etmək) maddəsi ilə ittiham verilmişdi. Müdafiə tərəfi ittihamı qəbul etmirdi.