Penitensiar Xidmət İlqar Məmmədovun istəyinə münasibət bildirdi

Sizin brauzer HTML5-i dəstəkləmir

Həbsə aparan yol - İlqar Məmmədov

«Martın 24-də Ədliyyə Nazirliyinin Səhiyyə Xidmətində çalışan bir neçə həkim İlqar Məmmədovun yanında olub. Xəstəliyi ilə bağlı müayinələr aparıblar».

Bunu AzadlıqRadiosuna REAL Hərəkatının icra katibi Natiq Cəfərli bildirib.

N.Cəfərli deyib ki, müayinə zamanı İ.Məmmədovda osteoxondroz – fəqərə sütunu xəstəliyi aşkarlanıb: «Bizdə olan məlumata görə, Ədliyyə Nazirliyindən gələn həkimlər bu haqda İ.Məmmədovun cəza çəkdiyi müəssisənin rəhbərliyinə də məlumat veriblər».

N.Cəfərlinin deməsinə görə, Ədliyyə Nazirliyində gələn həkimlər İ.Məmmədovun yataq şəraitinin yaxşılaşdırılmasına ehtiyac olduğunu deyiblər: «Bərk yataq dəsti olmalıdır ki, ən azı ağrıların dərəcəsini azalda bilsin. Bizdə olan xəbərlərə görə, cəzaçəkmə müəssisəsinin rəhbərliyi bu şəraiti yaxşılaşdıracağına söz verib».

İcra katibi bildirib ki, martın 25-də İ.Məmmədovun ailə üzvləri onunla görüşüblər. Lazım olan dərmanlar aparılıb, istifadə edilib, səhhətində nisbi yaxşılaşma var: «Amma bununla belə, Qırmızı Xaç Komitəsinin xətti ilə xarici tibbi mütəxəssisin İ.Məmmədovu müayinə etməsini diqqətdə saxlayırıq. Bu haqda Komitəyə müraciət edilib və ümid edirik ki, bu həftənin sonu bu məsələ də həllini tapacaq».

Mehman Sadıqov

Penitensiar Xidmətin (PX) mətbuat xidmətinin rəhbəri Mehman Sadıqov isə İ.Məmmədovun müayinəsinə xarici mütəxəssisin cəlb edilməsi ilə bağlı istəyini belə şərh edib: «Məhkumlar təkcə Penitensiar Xidmətdə fəaliyyət göstərən həkimlərin yox, həmçinin istədikləri mütəxəssislərin müayinəsindən keçə bilər. Yəni, Penitensiar Xidmətin həkimlərinin nəzarəti ilə öz hesabına müalicə edilə bilər, bu, qanunvericiliyin tələbidir».

İlqar Məmmədov ötən həftə ailəsinə zəng vuraraq səhhətinin ağırlaşdığını bildirmişdi. O, xarici həkimlərin müayinəsindən keçmək istədiyini də ailə üzvlərinə çatdırmışdı. Bundan sonra REAL Hərəkatı İ.Məmmədovun bu istəyi ilə bağlı bir sıra beynəlxalq təşkilata müraciət etmişdi.

XATIRLATMA

REAL Hərəkatının lideri İlqar Məmmədov 2013-cü ilin yanvarında İsmayıllıda kütləvi iğtişaşların təşkilində ittiham olunaraq, 7 il azadlıqdan məhrum edilib.

Avropa İnsan Hüquqları Məhkəməsi 2014-cü ilin mayında İ.Məmmədovun azadlıq hüququ və təqsirsizlik prezumpsiyasının pozulmasını tanıyıb.

Avropa İnsan Hüquqları Məhkəməsinin qərarından sonra onun işi Şəki Apellyasiya Məhkəməsinə göndərilib. Ötən il aprelin 29-da Şəki Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü qüvvədə saxlayıb. Bundan sonra müdafiə tərəfi Şəki Apellyasiya Məhkəməsinin qərarından Ali Məhkəməyə kassasiya şikayəti verib. Ali Məhkəmə noyabrın 18-də kassasiya şikayətini təmin etməyib.

Avropa Şurası Nazirlər Komitəsi 2016-ci il sentyabrın 20-də keçirilən iclasında İ.Məmmədovun azadlığa buraxılmaması ilə Avropa İnsan Hüquq və Azadlıqları Konvensiyasının pozulduğunu açıqlayıb.