İmtahan pulunun məbləği bilindi - 10-100 manat

TQDK.

Tarif Şurası tələbə qəbulu ilə bağlı ödənişli xidmətlərin qiymətlərini müəyyən edib. Tariflər 9 qrup üzrə dəyərləndirilməklə imtahanın növündən asılı olaraq 10-100 manat arasında dəyişəcək.

Qərar şuranın martın 6-da keçirilən toplantısında qəbul edilib. Bu haqda qurumun press-relizində bildirilir.

Qurum qərarın Dövlət İmtahan Mərkəzinin müraciəti və təklifləri nəzərə alınmaqla qəbul edildiyini bildirir.

Qərara görə, orta ixtisas təhsili müəssisələrinə test imtahanında 20, ali təhsil müəssisələrinin bakalavriat (tibb təhsili üzrə əsas təhsil) səviyyəsinə imtahanda isə 40 manat ödəmək lazım gələcək.

Buna da bax:​ Qəbulda bəziləri imtahan pulu ödəməyəcək

Ali təhsil müəssisələrinin və Milli Elmlər Akademiyasının magistratura səviyyəsinə qəbul imtahanının qiyməti isə 50 manat (ikinci mərhələdə 60 manat) olaraq müəyyən edilib.

Tibb təhsili əsasında rezidenturaya qəbul imtahanında ödəniş 60 (ikinci mərhələdə 100) manat müəyyən edilib.

Ən ucuz imtahanlar rus bölməsi abituriyentlərindən ötrü nəzərdə tutulub. Onlar Azərbaycan dili üzrə test imtahanına cəmi 10 manat ödəyəcəklər.

XATIRLATMA

Prezident İlham Əliyev fevralın 10-da imtahan tariflərinin müəyyən edilməsini nəzərdə tutan sərəncam vermişdi.

Həmin sərəncama görə, Tarif Şurası 15 gün ərzində təhsil müəssislərinə qəbul imtahanlarında iştirak etməkdən ötrü ödənişin məbləğini müəyyən etməli idi.

Buna da bax: İmtahan Mərkəzi abituriyentlərə bu il niyə iki şans verir? [video]

Sərəncamda Tarif Şurasına orta ixtisas, ali təhsil müəssisələrinə və Milli Elmlər Akademiyasında magistratura səviyyəsinə qəbul ilə bağlı imtahanlarda ödənişin məbləğini müəyyən etmək göstərişi verilmişdi. Ancaq fevralın 24-də prezident əlavə fərman verərək əvvəlki sənədə bəzi dəyişiklik etdi.

Bu dəyişikliyə görə, orta ixtisas təhsil müəssisələrinə qəbulla bağlı imtahanlarda ilk dəfə iştirakda imtahanlar pulsuz olacaq. Daha doğrusu ödəniş dövlətin üzərində düşəcək. Bundan başqa, ali təhsilin bakalavriat (tibb təhsili üzrə əsas təhsil) səviyyəsinə ilk dəfə qəbul olmaq istəyənlər də imtahanlarda ödəniş etməyəcəklər.