İmtahanların nәticәlәri açıqlanıb

İyulun 2-dә Dövlət İmtahan Mərkəzi (DİM) I və IV ixtisas qrupları üzrə keçirilən qəbul imtahanlarının nəticələrini elan edib.

İmtahanda iştirak etmək üçün ərizəsi təsdiqlənmiş 24028 abituriyentdən 298 nəfəri iştirak etməyib. Abituriyentlərdən 6 nəfəri qaydaları pozduğuna görə imtahandan xaric olunub və nəticələri ləğv edilib.

I ixtisas qrupu üzrə 7 abituriyent, IV ixtisas qrupu üzrə isə 2 abituriyent maksimal nəticə – 400 bal toplayıb.

İmtahanda qeyri-kafi nәticәlәr göstәrәn abiturientlәrin sayı barәdә DİM heç bir mәlumatı tәqdim etmәyib.

Xatırlatma

İmtahanda abituriyentlərə I ixtisas qrupunda riyaziyyat, fizika və kimya fənləri üzrə, IV ixtisas qrupunda isə biologiya, kimya və fizika fənləri üzrə ümumilikdə 90 tapşırıq verilir.

I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq üçün müsabiqə zamanı abituriyentlərin buraxılış imtahanından (qəbul imtahanının 1-ci mərhələsindən) əldə etdikləri nəticələr də nəzərə alınır və qəbul imtahanının ikinci mərhələsindən toplanılan balın üzərinə əlavə olunur.

Yəni abituriyentlər buraxılış və qəbul imtahanlarında topladıqları balların cəminə (maksimal bal – 300+400=700 bal) əsasən ali təhsil müəssisələrinin müsabiqəsində iştirak edirlәr.

Eyni ixtisas qrupu üzrə yaz və yay qəbul imtahanlarının hər ikisində iştirak edən və müsabiqə şərtlərini ödəyənlər istədikləri nəticəni seçə bilərlər.