İnaqurasiyanın məşqi yanğına görə dayandırılıb

Məşq iştirakçıları evakuasiya edilir

ABŞ hüquq-mühafizə orqanları Konqresin qarşısında prezident seçilmiş Co Baydenin inaqurasiya məşqində iştirak edənləri yaxınlıqda yanğın baş verməsi ilə əlaqədar evakuasiya edib.

Yanvarın 18-də Vaşinqtondakı Konqress kompleksi qısa müddətə bağlanıb və burada keçirilən məşq isə dayandırılıb.

Buna səbəb bir neçə məhəllə aralıda olan evsizlər düşərgəsində yanğın başlaması olub.

Vaşinqton yanvarın 20-də keçiriləcək inaqurasiya ərəfəsində mümkün etiraz zorakılıqlarına görə hazırlıq vəziyyətinə gətirilib.

ABŞ Milli Qvardiyasının 20 mindən çox silahlı əsgəri bu həftə yerli və federal polisə asayişin qorunmasında dəstək verir.

Bundan əvvəl, yanvarın 6-da prezident Donald Trampın tərəfdarı olan etirazçılar Konqres binasına basqın etmişdilər.

Demokratlar tərəfindən “qiyam” adlandırılan bu hadisədə bir polis zabiti də daxil 5 nəfər həlak olub.

Hazırda hüquq-mühafizə qüvvələri Konqres ətrafındakı bir çox yol və küçələri bağlayırlar.

Konqresin ətrafına hündürlüyü iki metr olan hasar çəkilir.

Sosial mediada yayılan fotolarda Konqresin 2 kilometrliyində olan evsizlər düşərgəsinin yanması görünür. Hadisə nəticəsində ölən və xəsarət alanların olub-olmaması barədə məlumat verilməyib.

Yanğın zamanı ətrafdakı ərazidən polis helikopterlərinin və sirenalarının səsi eşidilirdi.

Hərbi musiqiçilər də daxil məşqdə iştirak edənlər Konqres kompleksində təhlükəsiz binaya təxliyə ediliblər.