Avqustun 2-si yeni silahlanma yarışının başlanğıcı ola bilər

Ronald Reagan (sağda) və Mikhail Gorbachev

Yerdən atılan raketlərin bütöv tipinin ləğvinə yol açmış tarixi beynəlxalq sazişin vaxtı avqustun 2-də başa çatır.

Beləki həm ABŞ, həm də Rusiya 31 il əvvəl Moskva ilə Vaşinqton arasında imzalanmış bu müqavilədən çıxdıqlarını bildiriblər.

Qısaldılmış adı INF olan Ortaməznilli Raketlərə dair Müqavilə 500 kilometrdən 5500 kilometrədək uça bilən bütün raketlərin istehsalını və yerləşdirilməsini qadağan edirdi.

Bu müqavilə 1988-ci ildə SSRİ-nin ovaxtkı prezidenti Mikhail Gorbachev-la ABŞ prezidenti Ronald Reagan tərəfindən imzalanmışdı.

Şərhçilər bildirirlər ki, bu müqavilənin sıradan çıxması Birləşmiş Ştatlar və SSRİ-nin varisi olan Rusiya arasında yeni silahlanma yarışına yol aça bilər.

BMT-nin baş katibi Antonio Guterres avqustun 1-də deyib ki, dünya “nüvə müharibəsinin qarşını alacaq əvəzsiz müqavilədən” məhrum olur.

INF və Soyuq Müharibəyə son qoymuş START müqavilələri dünyanın iki əsas nüvə dövləti arasında tarazlığın iki bel sütunu idi.

Əgər ABŞ və Rusiya prezidentləri sənədin müddətini uzatmaq barədə razılığa gəlməsələr yeni START müqaviləsi 2021-ci ildə başa çatacaq.

ABŞ və NATO dəfələrlə Rusiyanı yeni 9M729 və ya SSC-8 raketini yaratmaqla INF-nin şərtlərini pozmaqda ittiham edirlər.

NATO-nun məlumatına görə bu raket 1500 kilometrlik məsafəyə uça bilir.

Moskva israr edir ki, 9M729 raketinin uçuş məsafəsi 500 kilometrdən azdır.

Buna da bax: NATO: Rusiya orta mənzilli yeni nüvə raketi yaradıb

Bu müqaviləni imzalmış 88 yaşlı Gorbachev avqustun 1-də Interfax agentliyinə verdiyi müsahibədə deyib ki, Vaşinqtonun INF müqaviləsindən çıxmaq qərarı “qlobal siyasətin proqnozlaşdırılmasını qeyri-mümkün edir”.

O hər iki tərəfi diqqətlərini yeni START müqaviləsinin qorunub saxlanmasına yönəltməyə çağırıb.

ABŞ prezidenti Donald Trump fevralın 1-də ölkəsinin INF sazişindən çıxacağını elan etmişdi. O bildirmişdi ki, Rusiya ilə bağlanmış müqavilədən altı ay sonra çıxacaq. Avqustun 2-də altı aylıq müddət tamam olur.

Trump bildirib ki, o nüvə silahlarına dair yeni müqavilənin tərtibində Çinin də iştirakını istəyir.

Rusiya INF-nin qüvvədən düşməsinə görə Vaşinqtonu günahlandırır. Rusiya Xarici İşlər Nazirliyi bildirib ki, Moskva bu barədə avqustun 2-də rəsmi bəyanat verəcək.

Bu arada Almaniyanın xarici işlər naziri Heiko Maas avqustun 1-də INF müqaviləsinin sıradan çıxmasına görə Moskvanı ittiham edib.