İnformasiya əldə edilməsi qanununa dəyişiklik edilib

Milli Məclis

Milli Məclis bu gün, iyunun 29-da “İnformasiya əldə etmək haqqında” qanuna dəyişiklik edib.

Bu haqda parlamentin mətbuat xidmətinin məlumatında bildirilir.

Milli Məclisin İnsan hüquqları komitəsinin bəyənib, plenar iclasa göndərdiyi dəyişiklik təklifini deputatlar yekdillikləı dəstəkləyiblər.

Milli Məclis “İnformasiya əldə etmək haqqında” qanunun 30.1-ci maddəsinə dəyişiklik edib.

Dəyişikliyə əsasən, informasiya sahiblərinin illik maliyyə fəaliyyəti, dövlət büdcəsindən verilən vəsaitdən və ya onlara ayrılmış əmlakdan istifadəyə aid olan məlumatların internet informasiya ehtiyatlarında açıqlanması qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum təsdiqləyəcək. Bu səlahiyyəti Nazirlər Kabineti həyata keçirəcək.

“İnformasiya əldə etmək haqqında” qanunun 29-cu maddəsi informasiya sahiblərinin öz saytları üzərindən açıqlamalı olduğu informasiyaları sadalayır. Qanunun dəyişiklik edilən 30-cu maddəsində isə informasiyanın açıqlanması üsulları izah edilir.

Həmin maddəyə görə, qanunun 29-cu maddəsində göstərilən ictimai informasiyalar internet informasiya ehtiyatlarında, eləcə də, kütləvi informasiya vasitələrində, rəsmi nəşrlərdə, kitabxanalarda və ictimai informasiya mərkəzlərində açıqlanmalıdır.

Milli Məclisin qanuna etdiyi dəyişiklikdən sonra yuxarıda qeyd olunan maliyyə ilə bağlı informasiyalar birbaşa sayt üzərindən deyil, Nazirlər Kabinetinin müəyyən edəcəyi qaydalar əsasında açıqlanacaq.

İnformasiya sahibi dedikdə, büdcə təşkilatları, dövlət adından yaradılan publik hüquqi şəxslər, büdcədənkənar dövlət fondları, səhm payının 30 faizi və ya daha artıq hissəsi dövlətə məxsus olan təsərrüfat cəmiyyətləri nəzərdə tutulur.

Dəyişikliklərin müzakirəsi zamanı bəzi deputatlar bunun şəffaflığı artıracağını və ictimai nəzarət imkanlarını gücləndirəcəyini demişdilər.

Bəzi ekspertlər isə hesab edirlər ki, bu şəffaflığa deyil, əslində qapalılığa daha çox xidmət edəcək.