Instagram mobil əlavəsinin yeniyetmə qızların psixoloji sağlamlığına zərər vurduğunu göstərən hər hansı bir araşdırma mövcud deyil. Bunu amerikalı professor, yeniyetmələrin inkişafına həsr olunmuş 500-dən çox məqalə və essenin müəllifi doktor Lorens Steynberq “The New York Times” qəzetində yazır.
“Ötən ay “The Wall Street Journal” Facebook-un guya özünün belə bir araşdırma apardığını yazmışdı. Şirkətin daxili sənədlərini “The World Street Journal”a sızdıran keçmiş Facebook əməkdaşı Frensiz Hoqenin kimliyini açıqlamasından və Senatın alt komitələri qarşısında ifadə verməsindən sonra bu xəbər daha da ciddi qəbul edilməyə başladı”, – yazıda deyilir.
Buna da bax: Facebook daha bir qalmaqal içində – Qərb mediasıKeçmiş menecerin iddiaları
37 yaşlı Frensiz Hoqen Facebook-da mülki dürüstlük komandasının məhsul meneceri kimi çalışıb. O, sentyabrın 30-da CBS televiziyasına müsahibəsində deyib ki, sızdırdığı sənədlər Facebook-un “artımı təhlükəsizlikdən önə çəkdiyini” göstərir. Şirkətsə məlumatları yanıldıcı adlandırıb, özünün müsbət xarakterli araşdırmasını qabardıb.
Hoqen bu ilin əvvəlində şirkətə qəzəbləndiyi üçün işdən çıxdığını deyib. O getməzdən öncə bəzi daxili sənədlərin surətini çıxarıb.
Keçmiş əməkdaş sənədləri “Wall Street Journal” ilə paylaşıb, qəzet isə sonrakı həftələr ərzində onları ard-arda dərc edib.
Sizin brauzer HTML5-i dəstəkləmir
Facebook-un öz araşdırması
Lorens Steynberq yazır ki, Hoqenin ən ciddi iddialarından biri “Facebook”un əlində belə bir araşdırmanın olması və şirkətin bu araşdırmanı qəsdən gizlətməsi haqdadır. Ancaq Steynberq qeyd edir ki, “Facebook”un hazırda onlayn olan sənədləri bu araşdırmanın dolğun olmadığını göstərir.
“Həmin sənədlərə əsasən, “Facebook” sorğu və fokus qruplar təşkil edərək insanlardan “Instagram” əlavəsinin onlara necə təsir etdiyini soruşub. Hər on yeniyetmə qızdan üçü “Instagram”ın onları özləri ilə bağlı pis hiss etdirdiyini deyib.
…“Instagram”dan istifadə və …psixoloji pozuntu arasındakı əlaqə narahatedicidir. Ancaq belə tapıntılar gəlinən nəticə kimi yox, araşdırmanın başlanğıc nöqtəsi kimi istifadə olunmalıdır…”, – müəllif yazır.
Sizin brauzer HTML5-i dəstəkləmir
Bəlkə...
O qeyd edir ki, bu araşdırmaya “Instagram”dan istifadə etməyən nəzarət qruplarının salınmaması bir neçə cavabsız sual ortaya qoyur: Bəlkə yeniyetmələrin depressiyasına “Instagram” səbəb olmur? Bəlkə, əksinə, şəxsin mental vəziyyəti onu “Instagram”dan daha çox istifadəyə vadar edir? Bəlkə başqa, bu araşdırmada ölçülməyən göstərici həm “Instaqram”dan istifadəyə, həm də insanın mental vəziyyətinə təsir edir və iki amil arasında birbaşa əlaqənin olması görüntüsü yaradır?
Müəllifin sözlərinə görə, bu sahədə aparılan tədqiqatların bəziləri bu iki amil arasında əlaqə aşkar etsə də, onların hər biri sosial medianın sağlamlığa təsirinin çox cüzi olduğunu üzə çıxarıb.
Buna da bax: Azərbaycanın trol şəbəkəsi yenə iş başında – Qərb mediasıPandemiyanın dərsi
Yazıda qeyd edilir ki, “Facebook”un keçirdiyi sorğularda “Instagram”dan istifadənin intihar haqda fikirləri azaltdığını deyən respondentlərin sayı mental durumunun pisləşdiyini deyənlərdən iki dəfə çoxdur. “Instagram”dan istifadənin narahatlığı azaltdığını deyənlərin sayı isə üç dəfə çoxdur. Ancaq yazıda sosial medianın insanların sağlamlığına yaxşı təsir göstərdiyini iddia edən hesabatlara da skeptik yanaşılmalı olduğu deyilir.
Müəllif bu tapıntılardan çıxış edərək, sosial medianın yeniyetmələrə fayda verməsi ehtimalını da istisna etmir. Məsələn, pandemiya dövründə sosial media onlar üçün canlı ünsiyyəti qismən də olsa əvəz edib.
Onun sözlərinə görə, dərin və əsaslı olmayan araşdırmaların nəticələrini olduğu kimi qəbul etmək yeniyetmələrdə depressiyanın aradan qaldırılmasına xidmət etmir. Əksinə, sosial mediadan istifadəni yasaqlamaqla uşağına fayda verdiyini düşünən valideyn depressiyanın əsl səbəblərini diqqətdən kənarda qoymuş ola bilər.