‘Ət yeməyə pulum çatmır…’

Sizin brauzer HTML5-i dəstəkləmir

Yunis Səfərov vəkilsiz qaldı. Anası ictimaiyyətə müraciət edib

Dünya bazarlarında, neftin qiyməti nisbətən artıb və sabitləşib. Amma görəsən bu, neft gəlirlərindən asılı olan Azərbaycanın bazarlarında ümumi duruma necə təsir edib?

Rəsmi rəqəmlərə inansaq, əhalinin real gəlirləri artmalı, alıcılıq qabiliyyəti yüksəlməli, dolanışığı yaxşılaşmalı idi.

Beləki, bu il rəsmi inflyasiya 2,8 faiz olub, ötən il isə bu rəqəm 14 faiz civarında idi.

Eləcə də, rəsmi rəqəmə görə əhalinin pul gəliri də 11 faizə qədər artıb.

Bəs, məsələn, paytaxt Bakıda bazarlarda bu artımı hiss edirlərmi?

Adamlarla söhbətdən bəlli olur ki, xaricdən gətirilən mallar bahalaşıb. Çayın, şəkər tozunun qiyməti qalxıb. Alıcılıq qabiliyyəti zəifləyib.

Təhlilçilər isə idxal mallarının baha olmasını bir qayda olaraq iki səbəblə izah edirlər. Onların fikrincə başlıca problem gömrükdə inhisarın qalmasıdır. Hərçənd hakimiyyət gömrük sistemində inhisarın olması barədə deyilənləri rədd edir.

Hakimiyyətyönlü Trend agentliyi isə yazır ki, bu ilin səkkiz ayında, Azərbaycanda istehlak məhsullarının və xidmətlərin qiymətləri əvvəlki ilə nisbətən, 3 faizə qədər bahalaşıb.

Söhbət etdiyimiz alıcılar da, satıcılar da deyirlər ki, bu yay, əsasən mövsüm vaxtı ucuz olan yerli kənd təsərrüfatı mallarının qiymətində də artım müşahidə olunur, ətə, meyvə-tərəvəzə həsrət qalanlar olmamış deyil.

“Çox pis, çox pis. Olduqca pis. Günü gündən bahalaşır. Heç adam bilmir ki, nə alsın. Pensiyanı almışam. İstəyirəm xərcləyəm, amma qorxuram. Ona görə bazarı bir saatdır gəzişirəm ki, bəlkə uyğun bir şey tapam. Ət yeyə bilmirəm mən. Pulum çatmır”.

Adamların pomidorun, bibərin də bahalaşmasından şikayət edirlər.

Bakı Dövlət Universitetinin iqtisad müəllimi, təhlilçi Toğrul Maşallı isə deyir ki, rəsmi rəqəmə görə inflyasiya üç faiz olsa da, reallıqda bu, 6-7 faizdir.

Hakimiyyətdəkilər hesab edirlər ki, ölkə iqtisadiyyatı güclənir. Prezident İlham Əliyev, keçən ay Almaniya kansleri Angela Merkellə görüşündə də bu barədə danışıb:

“Bütövlükdə deyə bilərəm ki, Azərbaycan iqtisadiyyatı çox sürətlə inkişaf edir. Son 15 il ərzində Azərbaycan iqtisadiyyatı 3 dəfədən çox artıb, ölkəmizin makroiqtisadi vəziyyəti sabitdir, xarici borc ümumi daxili məhsulun cəmi 20 faizini təşkil edir, işsizlik 5 faiz səviyyəsindədir”.

Lakin Toğrul Maşallı deyir ki, əslində, iqtisadi böhran davam edir, sadəcə olaraq hökumət də, vətəndaşlar da böhrana öyrəşmiş kimi davranır:

“İki il əvvəl bu qəfildən baş verdi, amma iki ildə biz artıq qiymətlərin aybaay artmasına öyrəncəli olmuşuq. Ümumiyyətlə, böhran yaşayan dövrdə əhali vəziyyətə uyğunlaşmağı öyrənir”.

Toğrul Maşallı deyir ki, o, ilin axırına qədər bahalaşmanın sürətlənəcəyini, inflyasiyanın 9 faizə qalxacağını gözləyir, buna səbəb olan amil isə nəqliyyatda gediş haqqının bahalaşması olacaq.

AzadlıqRadiosu bu barədə Bakı sakinlərinin də fikirlərini öyrənib:

Sizin brauzer HTML5-i dəstəkləmir

Sizcə, Azərbaycanda ən çox nə bahalaşıb?

Rəsmi statistikaya görə, inflyasiya keçən il 13 faiz idi. Amma müstəqil şərhçilər bunun 20 faiz ətrafında olduğunu deyirdilər.

Azərbaycan iqtisadiyyatı 2014-cü ilin sonunda, neftin kəskin ucuzlaşmasından sonra durğunluq yaşamağa başlayıb.

Bu ilin yanvarından, neftin qiymətinin bir barrel üçün 70 dollar civarına qalxmasından sonra əhalinin dolanışığının düzələcəyi barədə gözləntilər yaransa da, buna şübhə edənlər də var.