Tehrandan Vaşinqtona xəbərdarlıq

Abolfazl Shekarchi -İran silahlı qüvvələri baş qərargahının sözçüsü

Tehran ABŞ-a xəbərdarlıq edib ki, əgər Vaşinqton İrana qarşı təcavüzkar hərəkət etsə, bu ümumilikdə Yaxın Şərq regionu üçün pis aqibətlə nəticələnəcək.

Bu barədə iyunun 22-də AzadlıqRadiosu "Tasnim", AP və digər informasiya agentliklərə istinadla xəbər verir.

Qeyd edək ki, İranın bu günlərdə ABŞ-ın pilotsuz aparatını vurması onsuz da gərgin olan münasibətləri daha da pisləşdirib.

İran silahlı qüvvələri baş qərargahının sözçüsü general Abolfazl Shekarchi iyunun 22-də “Tasnim” agentliyinə bildirib ki, İrana qarşı istənilən təcavüzkar hərəkət “tarixi cavabını” alacaq.

“ABŞ və onun regional müttəfiqləri başda olmaqla, rəqibin hərbi səhvi, ABŞ və onun maraqlarının olduğu barıt çəlləyinə atəşə bərabər olacaq və bu region yandıracaq”, Abolfazl Shekarchi deyib.

Qeyd edək ki, ABŞ prezidenti Donald Trump iyunun 20-dən 21-nə keçən gecə İrana zərbə endirilməsi haqda əmri son anda təxirə saldığını deyib.

“New York Times” qəzeti qaynaqlarına istinad edərək xəbər vermişdi ki, prezident İranın ABŞ-ın kəşfiyyat təyyarəsini vurmasına cavab olaraq bu ölkənin bəzi hərbi obyektlərinə zərbə endirilməsi haqda əmr verməyə hazır olub, ancaq son anda fikrindən daşınıb.

“Zərbə endirilməsinə 10 dəqiqə qalmış mən onu dayandırdım. Zərər pilotsuz təyyarənin itkisi ilə proporsional olmazdı”, - Trump Twitter-də yazıb.

Prezidentin sözlərinə görə zərbə İran ərazisində üç obyektə endirilməli imiş.

Buna da bax: Trump İrana zərbəni son anda təxirə saldığını deyib