Azərbaycan və İran nazirləri danışıb

Ceyhun Bayramov/Hüseyn Əmir Abdullahian

Ceyhun Bayramov/Hüseyn Əmir Abdullahian

Dünən, oktyabrın 12-də Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov İran İslam Respublikasının Xarici İşlər naziri Hüseyn Əmir Abdullahian ilə telefonla danışıb.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Məlumata görə, nazirlər iki ölkə arasındakı münasibətlərin cari vəziyyəti ətrafında fikir mübadiləsi aparıblar: "Tərəflər son zamanlar ölkələrimiz arasındakı dostluq münasibətlərinin səviyyəsinə uyğun olmayan ritorikanın zərərli olduğunu və bütün fikir ayrılıqlarının dialoq vasitəsilə həll edilməsinin vacibliyini qeyd ediblər".

Açıqlamaya görə, nazirlər ölkələrin ərazi bütövlüyü və suverenliyi prinsiplərinə hörmətin hər zaman rəhbər tutulmasının vacibliyini də vurğulayıblar: "Azərbaycan Respublikası vasitəsilə tranzit daşımalarına dair sualların aidiyyəti dövlət qurumları arasında birbaşa təmaslar vasitəsilə müzakirə edilməsi qənaətinə gəlinib".

Sizin brauzer HTML5-i dəstəkləmir

İran yeni Gorus-Qafan yolunun tikintisində Ermənistana kömək edir

Xatırlatma

Son aylar Azərbaycan və İran arasında narazılıqlar müşahidə edilirdi. Azərbaycan rəsmiləri bəyan edirdilər ki, İrana məxsus yük maşınları onların nəzarətində olmayan ərazilərinə qanunsuz yük daşıyır. Habelə, prezident İlham Əliyev İranın bu yaxınlarda Azərbaycanla sərhəddə keçirdiyi hərbi təlimi də çox təəccüblü bir məsələ kimi dəyərləndirmişdi. Amma İran rəsmiləri də qeyd ediblər ki, öz ərazilərində hərbi təlim keçirmək onların suveren hüququdur. İran rəsmilərinin açıqlamasına görə, üçüncü qüvvələr Azərbaycan-İran münasibətlərinin korlanmasında təhrikedici rol oynayır.

Azərbaycan prezidenti isə son çıxışlarının birində deyib ki, "heç kim bizim işimizə burnunu soxmasın".

Daha sonra İranın Ali Rəhbəri Seyid Əli Xameneinin Azərbaycandakı nümayəndəsi höccətülislam Seyid Əliəkbər Ocaqnejadın Bakıdakı ofisi və Hüseyniyyə məscidinin fəaliyyəti dayandırılıb. Daxili İşlər Nazirliyi buna səbəb kimi koronavirus infeksiyası göstərilib. Məsələyə İranın Azərbaycandakı səfirliyi və başqa uyğun qurumlardan münasibət almaq mümkün olmayıb.