Azərbaycan səfirliyinə hücum edən şəxsə ağır cəza istəndiyi deyilir

Tehranda İran səfirliyi

Bu il yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyinə silahlı hücumda ittiham olunan, Yasin Hüseynzadə kimi təqdim edilən şəxsə ağır cəza istəndiyi bildirilir.

Bu barədə İRNA-nın Azərbaycan bölməsinin məlumatında bildirilir.

Halbuki, oktyabrın 1-də Azərbaycanın Dövlət Televiziyasının (AzTV) "Həftə" verilişində həmin şəxs barədə ölüm hökmü çıxarıldığı bildirilirdi. Amma həmin məlumata İranın Azərbaycandakı səfirliyi və sözügedən şəxsin yaxınlarından münasibət almaq mümkün olmamışdı.

İRNA-nın Azərbaycan bölməsinin "məlumatlı" mənbələrdən əldə etdiyi xəbərə görə, məhkəmə, hələlik, bununla bağlı qərar çıxarmayıb. Prokuror ittiham aktında Azərbaycan səfirliyinə hücum edən şəxsə ağır cəza (edam) istəyib və iş hakimin hökmünü gözləyir.

Baş prokurorluq: Yekun qərar qəbul edilməyib

Azərbaycan Baş Prokurorluğu da İrandakı səfirliyə silahlı hücuma görə məhkəmə istintaqının gedişi ilə bağlı oktyabrın 3-də məlumat yayıb.

Məlumatda cinayət işinin gedişatını diqqətlə izlədikləri və yekun qərarın hələ çıxarılmadığı vurğulanır: "İran İslam Respublikasının qanunvericiliyinə uyğun olaraq, cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün məhkəməyə göndərilib. Prokuror tərəfindən təqsirləndirilən şəxsin ən ağır cəzaya məhkum edilməsi tələb olunub, lakin hazırda məhkəmə tərəfindən yekun qərar qəbul edilməyib".

Xatırlatma

Y.Hüseynzadə kimi təqdim edilən şəxs bu il yanvarın 27-də Azərbaycanın Tehrandakı səfirliyinə "Kalaşnikov" markalı avtomat ilə hücum edib. Hədisə nəticəsində səfirliyin bir əməkdaşının həlak olduğu, iksinin isə xəsarət aldığı açıqlanıb. O, səfirlikdə öz həyat yoldaşını axtardığını və onu xilas etmək qərarı verdiyini bildirmişdi.

Amma Azərbaycanın rəsmi qurumları bu iddianı təsdiqləməmişdilər. Həmin olaydan sonra səfirliyin bütün işçiləri Azərbaycana təxliyə edilib.