İranda haker qruplarından biri hökumətə aid məxfi sənədləri açıqladığını iddia edib.
Xəbər verilir ki, bu sənədlərin arasında bu ilin əvvəlində Azərbaycanın Tehrandakı səfirliyinə hücumla bağlı sənədlər də var.
“Devrilişədək üsyan” adlanan və mühacirətdəki müxalifətin Mücahedine Xəlq (MX) təşkilatına bağlı hakerlər qrupu bu sənədlərdən bəzilərini mayın 30-da Telegram-da yayıb.
MX İranda terrorçu təşkilat sayılır.
AzadlıqRadiosu sənədlərin orijinallığını hələ ki, müəyyənləşdirə bilməyib. Onlardan bəzilərinin “tamamilə məxfi” qrifi var.
İran prezidentinin administrasiyası öz internet saytına kiberhücum olduğunu təkzib edib, lakin bildirib ki, sayt texniki səbəblərdən bir müddət bağlı olub.
Azərbaycan bu xəbərlə bağlı rəsmi açıqlama verməyib.
Buna da bax: İsrail prezidenti Bakıda İran təhlükəsindən danışıbSəfirliyə hücum edənin detalları
İran və Azərbaycan arasında münasibətlər xüsusən də bu ilin yanvarında Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücumdan sonra daha da gərginləşib.
Diplomatik missiyaya hücum zamanı əməkdaşlardan birinin ölməsi ilə bağlı Azərbaycan Tehrandakı səfirliyinin fəaliyyətini dayandırıb.
Bakı yanvarın 27-də baş vermiş hücumu “terror aktı” adlandırıb.
Açıqlanmış sənədlərin bəzilərində səfirliyə hücumla, hücum edənin şəxsiyyəti, onun “çeçenlərlə ideoloji bağlarının” olması və onun ailəsi ilə bağlı indiyədək məlum olmayan təfərrüatlar var.
Sızmış sənədlərdən bu da məlum olur ki, səfirliyi mühafizə edən polis hücumdan dərhal sonra postunu tərk edib.
Sənədlərdə deyilir ki, hüquq-mühafizə orqanlarının hadisə yerinə gəlməsi üçün 20 dəqiqə vaxt lazım olub.
Hücumdan dərhal sonra səfirliyin diplomatları və onların ailə üzvləri İrandan təxliyə edilib.
Azərbaycan tərəfinin bu demarşı rəsmi Tehranın hiddətinə səbəb olub.
Buna da bax: Dissident İranda inqilabın yetişdiyini deyir“Ümid pəncərəsi”
Sızmış sənədlərdə deyilir ki, bu hücum iki ölkə arasında münasibətlərin normallaşmasına olan ümid pəncərəsini nəinki bağlayıb, hətta yeni eskalasiyalara yol açıb.
İki ölkə arasında münasibətlərin növbəti eskalasiyası Bakıda Azərbaycan millət vəkillərindən birinə baş tutmayan sui-qəsd cəhdindən sonra başlanıb, belə ki, həmin deputat İran haqqında tənqidi mövqe tutması ilə tanınır.
Sənədlərin bəzisində deyilir ki, Azərbaycanla münasibətlərin yenidən qiymətləndirilməsinə ehtiyac var.
Bu da qeyd olunur ki, sənədlərin bəziləri xarici işlər naziri də daxil bir sıra yüksək vəzifəli İran rəsmilərinə göndərilib.
Bəzi sənədlər “strateji tövsiyələrdən” ibarətdir. Bu sənədlərin arasında Azərbaycan cəmiyyəti ilə onun hökuməti arasında soyuqluq yaratmağı tövsiyə edənləri də var.
Başqa sənədlərdə söhbət Azərbaycana Rusiyanın və İsrailin təsirlərindən gedir.