İyunun 8-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian arasında telefon danışığı olub. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Məlumata görə, telefon danışığı zamanı Azərbaycanla İran arasında münasibətlərin cari vəziyyəti, mövcud problemlər və onların həlli məsələləri müzakirə edilib: "Qeyd edilən istiqamətlərdə iki ölkənin aidiyyəti qurumları arasında danışıqların və qarşılıqlı təmasların davam etdirilməsinə dair razılıq ifadə olunub".
XİN bildirir ki, həmçinin bir sıra regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Xatırlatma
Son vaxtlar İranla Azərbaycanın münasibətlərində müəyyən gərginliklərin olması ilə bağlı tərəflərdən ən müxtəlif səviyyələrdə açıqlamalar eşidilir. Azərbaycanda İrandan təhdidlər gəldiyi, İrandan isə kənar qüvvələrin iki ölkə arasında münasibətləri gərginləşdirməyə çalışmaları haqqında iddialar səslənir.
Bu il yanvarın 27-də isə Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum olmuşdu. Səfirliyin mühafizə xidmətinin bir əməkdaşı həlak olmuş, ikisi yaralanmışdı. Bundan sonra səfirliyin əməkdaşları Azərbaycana təxliyə olunub. İran tərəfi hadisənin araşdırıldığını bəyan edib.