Bugün, yanvarın 28-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahianla telefon danışığı olub.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Məlumata görə, nazirlər, iki ölkə arasındakı münasibətlərin müxtəlif aspektlərinin inkişafından məmnunluq ifadə ediblər.
Vurğulandığına görə, son bir həftədə İranın yol və şəhərsalma naziri Rüstəm Qasiminin Azərbaycana, Azərbaycan müdafiə naziri Zakir Həsənovun isə İrana səfəri iki ölkə arasındakı əlaqələrin inkişafının bariz göstəricisi kimi dəyərləndirilib.
XİN qeyd edir ki, Azərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının növbəti iclasının bu ilin mart ayında Bakıda keçirilməsinin planlaşdırıldığı da söhbətdə məmnunluqla bildirilib:
“Nazirlər Azərbaycanın azad olunmuş torpaqlarında İran şirkətlərinin yaxın zamanlarda konkret layihələrlə işə başlayacağını vurğulayıb və bununla əlaqədar fikir mübadiləsi aparıblar. Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər regional məsələləri müzakirə ediblər”.
Azərbaycan iki il öncə işğal altında olan torpaqlarının çox hissəsini azad etdiyini açıqlayıb.
Son bir ildə həmin ərazilərdə quruculuq işlərinə başlanıb.